“Roma”nı udacağımızı deyə bilmərik"- MÜSAHİBƏ

“Roma”nı udacağımızı deyə bilmərik"- MÜSAHİBƏ

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Sumqayıt”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, millimizin üzvü bir sıra məqamlara toxunub.

 

- Səncə, ilk yarı “Qarabağ” üçün niyə belə alındı?

- Bizim üçün gözlənilməz oldu. Rəqibi təhlil etmişdik, necə oynadıqlarını bilirdik. Amma “Sumqayıt” bu gün bir qədər fərqli taktika ilə, 5 müdafiəçi ilə meydana çıxmışdı. Bu, bizim üçün sözlənilməz oldu. Lakin təcrübəli komandayıq, oyunun gedişatında baş məşqçi necə oynayacağımızı dedi. Düzdü, hesabı onlar açdı, başqa qol şansları da oldu, amma təcrübəmiz çətin vəziyyətdən çıxmağa imkan verir.

 

- Oyunda mübahisəli epizodlar oldu. Öncə Pedronu yıxdılar, referinin fiti susdu, sonra sizin qapıya istiqamətlənən topun qarşısı sanki əllə kəsildi, eləcə də vurduğunuz penalti... Hakimlər briqadası kələfin ucunu itirmişdi?

- Pedronun epizodu zamanı çox uzaqda idim, toxunuşun olub-olmadığını görmədim. Digər epizod zamanı top üzümə dəydi, əlimə yox. Yan xətt hakimi epizodu yaxşı görürdü. Üstəlik qapıçılarını qova bilərdi. Çünki birinci penaltini təyin etsəydi, minimum sarı vərəqə göstərəcəkdi. Daha sonra ikinsi sarı və qırmızı vərəqə gələcəkdi. Migel heç nədən qırmızı vərəqə aldı. Hakimin ciddi səhv etdiyini demək olmazdı. Bizdə xırda faulları saxlayırlar, amma avrokuboklarda belə epizodlarda oyunu davam etdirirlər. Bizi bu cür məqamlar əsəbləşdirirdi.

 

- Bu gün “Roma”ya qarşı oyunun provasını etdinizmi?

- Məşq deyildi, bu, rəsmi oyun idi. İmkanımız olsaydı, bu matçı keçirməzdik, sırf “Roma” ilə duelin hazırlığını davam etdirərdik. Amma vacib qarşılaşma idi, ciddi hazırlaşmışdıq.

 

- Ansi Aqollinin zədələnməsi Qurban Qurbanovu bir neçə taktiki gedişləri sınaqdan keçirməyə vadar edir. Sizi hər dəfə bir mövqedə sınayır. Bu ekperimentlər nə dərəcədə özünü doğruldur?

- Bunu baş məşqçidən soruşsanız, daha yaxşı olar. Çünki o nə deyirsə, biz də onun tapşırıqlarını yerinə yetiririk. Görünür alınır ki, sınaqlar davam edir. Ötən oyunda Kuba solda mən sağda, daha sonra 3 müdafiəçi ilə oynadıq. Taktikanı dəyişəndə rəqib komandaya çətinlik yaradır. Bugünkü oyunda da bunun şahidi oldunuz.

 

- Amma taktikanı tez-tez dəyişəndə 6 top buraxırsız...

- “Çelsi” ilə “Sumqayıt”ı bir səviyyədə tuta bilmərik, üstəlik, oyun rəqib meydanında keçirilirdi. Bizim üçün dərs oldu. Karyeramda ən ağır oyun idi.

 

- Dərsdən nəticə çıxarıb, “Roma”ya sürpriz hazırladığınızı demək olarmı?

- “Roma”nı udacağımızı deyə bilmərik. Səviyyə fərqi var. Rəqibimiz İtaliya A seriyasında çıxış edir. Əlimizdən gələni edəcəyik. Azarkeşlərimiz də yanımızda olacaq.

 

- “Sumqayıt”a qarşı hücum futbolu oynadınız. Amma “Roma”ya qarşı bu cür çıxış edə bilməyəcəyiniz dəqiqdi. Bu dəyişiklik oyununuza necə təsir edəcək?

- ÇL-dəki rəqibimiz “Sumqayıt” deyil. "Roma" yarım epizodu da qola çevirir. Bugünkü oyunda səhvlər edirdik, sonra sığortalayırdıq. Ancaq “Çelsi” ilə oyunumuzdakı hər səhvimiz qolla nəticələnirdi. Ciddi hazırlaşmalı, səhvləri etməməliyik.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər