Ukraynanın "Çernomorets" klubu dağılmaq təhlükəsi ilə üzləşib. Fanat.az xəbər verir ki, Odessa təmsilçisi ciddi problemlərlə üzləşib.
Komandanın baş direktoru Sergey Kernitski bildirib ki, 5 il əvvəl "Sberbank"dan götürülən krediti qaytara bilmirlər. Ukrayna ilə soyuq münasibətdə olan Rusiya bankı isə pulunu tələb edir: "Biz bu borcdan imtina etmirik. Lakin ödəmək imkanımız yoxdu. Vəziyyətin bankrot həddinə çatması tam mümkündü. Çünki biz bu vəziyyətə düşmüşük".
Odessa vilayət məhkəməsi "Sberbank"ın iddiasını təmin edərək, qərara alıb ki, "Çernomorets" Rusiya bankına 1 milyard 116 milyon 147 min 383 qrivna (65 milyon manatdan çox) borcludu. Daha böyük maliyyə problemləri ilə klubun sahibi Leonid Klimov üzləşib. Qeyri-rəsmi məlumatlarda onun dövlətə, əmanətçilərə və kreditorlara 9 milyard qrivnadan çox borclu olduğu bildirilir. Bütün bunlara əsasən, "Çernomorets"in ən yaxın müddətdə "Metallurq" (Zaporojye) və "Volın" kimi bankrot olacağı gözlənilir.
Qeyd edək ki, hazırda "Qəbələ"ni çalışandıran Roman Qriqorçuk 2010-2014-cü illərdə "Çernomorets"ə başçılıq edir. Komandanın onun rəhbərliyi altında 2013/14 mövsümündə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə düşüb və 1/16 finaladək irəliləyib. "Qəbələ"nin formasını geyinən qapıçı Dmitro Bezotosnı, yarımmüdafiəçi Aleksey Qay və hücumçu Aleksey Antonov da "Çernomorets"də oynayıb.
Həmçinin veteran futbolçumuz, millimizin sabiq baş məşqçisi Əhməd Ələsgərov da 1973-1977-ci illərdə bu komandaya başçılıq edib.
Fanat.az