"Liverpul" cari mövsümdə göstərdiyi performansla ötən illərdəki uğurlu dönəmlərinə dönüşün mesajını verir. Premyer Liqadakı son 4 matçda qələbə qazanan "qırmızılar" 9 həftədi məğlubiyyət üzü görmür. 2012-ci ildə baş məşqçi təyin olunan Şimali irlandiyalı Brendan Rocers uzun illərdən sonra "Liverpul"u çempionluğa oynayan bir komandaya çevirə bilib.
İngiltərə çempionatının Premyer Liqa adlandığı 1992/93 mövsümündən sonra böyük eniş yaşayan "Liverpul" arxada qalan 22 ildə ən uğurlu dövrünü keçirir. 28 turdan sonra lider "Çelsi"dən 4 xal geri qalan "qırmızılar" 59 xalla ikinci pilləni tutur. Komanda 22 ildə 28 turdan sonra ən yaxşı nəticəsini əldə edib. Bundan əvvəlki ən yaxşı nəticə 2008/09 mövsümündə qeydə alınmışdı. Həmin vaxt 58 xal toplayan "Liverpul" 3-cü pillədən yuxarı qalxa bilməmişdi. Son iki mövsümdə isə komanda 28 turu 42 xalla 7-ci pillədə başa vurub.
Çempionluq havası
Son çempion "Mançester Yunayted"in şotland baş məşqçi David Moyesin rəhbərliyi altında uğursuz çıxış etdiyi İngiltərədə bəlkə də son illərdəki ən çəkişməli çempionluq mübarizəsi yaşanır. "Qırmızı şeytanlar"ın zirvənin çox uzağında qaldığı (7-ci yer) Premyer Liqada "Çelsi", "Liverpul", "Arsenal", "Mançester Siti" və hətta "Tottenhem" çempionluğa namizədlər arasında yer alır.
Avrokuboklarda mübarizə aparmayan, İngiltərə Federasiya Kubokunda mübarizəni 5-ci, Liqa Kubokunda 3-cü turda dayandıran "Liverpul" namizədlər arasında ən yaxşı təqvimə sahib olan komandadı. "Qırmızılar" bu üstünlükdən maksiumum yararlanıb, mövsümü birinci pillədə başa vurmaq istəyir. Çempionlar Liqasında mübarizə aparan "Çelsi", "Arsenal", "Mançester Siti" və Avropa Liqasında çıxış edən "Tottenhem"in sıx oyun qrafiki ilə müqayisədə həftədə bir matça çıxan "Liverpul" addım-addım zirvəyə yaxınlaşır.
"Liverpul"un qol maşınları
"Qırmızılar" bu mövsüm vurduqları 73 qolla Premyer Liqanın ən məhsuldar komandası olublar. "Liverpul" 28 həftənin 4 fərqli matçında 5 qol vurmağı bacarıb, 5 oyunda isə 4 dəfə qapıya yol tapıb.
Komandanın ən məhsuldar futbolçuları Luis Suares və Daniel Sturridgedi. Bu iki futbolçu Premyer Liqanın bombardirlər yarışına başçılıq edir. Suares 24 qolla birinci, Sturridge 18 topla ikinci pillədə qərarlaşıb. Bundan başqa kapitan Stiven Cerrardın aktivində 8 qol var.
"Liverpul" ev oyunlarını keçirdiyi "Anfield Road" stadionunda asanlıqla yenilmir. Komanda cari mövsümdə evdə keçirdiyi 14 oyunda 12 qələbə qazanıb və 1 heç-heçə edib. Brendan Rocersin yetirmələri evdəki yeganə məğlubiyyətini V turda "Sautqempton"dan alıb - 0:1.
Cerrardın əksik parçası
İndiyədək yalnız "Liverpul"un formasını geyinən və karyerasının sonlarına yaxınlaşan Stiven Cerrard karyerasındakı əksik parçanı tamamlamaq istəyir. Belə ki, qırmızı forma ilə indiyədək Çempionlar Liqasını, UEFA Kubokunu, Avropa Superkubokunu, İngiltərə Federasiya Kubokunu, Liqa Kubokunu və Super Kubokunu qazanan əfsanənin şəxsi muzeyində bir əksik var. Çünki o, Premyer Liqanın qalibi adı xaricində bütün mümkün titullara sahib çıxıb. Bu mövsüm sərgilədiyi performansta komandanın aparıcı simalarından biri olan Cerrard zədəsi səbəbindən təxminən 1 ay oynamayıb, meydana çıxdığı 23 Premyer Liqa matçında 8 qol vurub və 10 məhsuldar ötürmə edib.
Çempionluq həsrəti
Son çempionluğunu 1989/90 mövsümündə qazanan "Liverpul" 90-cı illərdən etibarən uzun bir səssizliyə qərq olub. 24 ildi birincilik həsrəti çəkən fanatlar bu mövsümkü uğurlu çıxışla ümidlənib. İngiltərədə ən çox çempionluq yaşayan komanda adını uzun müddət özündə saxlayan "Liverpul" 2009-2013-cü illərdə 3 dəfə çempion olan "Mançester Yunayted"dən geridə qalıb. 70-80-ci illərdə düz 11 dəfə çempion olan "qırmızılar" ümumilikdə 18 dəfə mövsümü birinci pillədə başa vurub. "Mançester Yunayted"in isə 20 çempionluğu var.
Fanat.az