2013-2015-ci illərdə Azərbaycanda çıxış etmiş polşalı qapıçı Pavel Kapsa ölkəsinin mətbuatına çox geniş müsahibə verib. Fanat.az həmin müsahibənin ölkəmizə bağlı olan hissələrini təqdim edir.
- Azərbaycanda nə qədər pul alırdın?
- Polşadakından 2-3 dəfə çox.
- Yəni, kosmos qədər.
- Mən çempionatın ortabablarından oynamış olduğum "Simurq" haqda danışıram. Ancaq məsələn, "Qəbələ"də 1 bonus Polşadakı aylıq maaşdan daha çox idi. Turnir cədvəlinin sonuncu pilləsindəki komandası üzərində qələbə qazanmaqla ölkəmizdə 1 aya veriləndən daha çox pul mükafatı alırsan. Fərq var? Var.
- Siz Azərbaycanda oynayanadək təəccüblənmişdim. Maraqlı karyera yaşadığınız, yeni təəssüratlarla qarşılaşdığınız üçün orda oynadığınıza sevinirsiniz, yoxsa sadəcə pula görə getdiyinizi mənə deyəcəksiniz?
- Heç kimi aldatmayacağam. Aydındı ki, pul əsas amildi. Ancaq ordakı 2,5 illik karyeramdan sonra deyə bilərəm ki, əgər idman baxımından eyni səviyyədə qalsaydılar, mən hələ Azərbaycanda daha pis şəraitdə də oynayardım.
- Dostlarınıza Zaqatalanın "Simurq" komandasında oynadığınızı necə deyirsiniz? Hətta bu sözü mən tələffüz edə bilmirəm...
- "Zakatala" kimi səslənir. Orda mən çox təəccübləndim. Çünki ora gedənədək hərə bir söz söyləyirdi. Mən də orda çiynimdəki ruhla yollanmışdım. Bilirdim ki, orda Marçin Burhard çıxış edir. O demişdi ki, burda hər şey qaydasındadı. Məşqçi yaxşı, oyunçular daha sürətlidilər, bir sözlə, hər şey yüksək səviyyədədi. Ancaq mən ona inanmaq istəməmişdim. İnternetdə oturdum, bu ölkə və klub haqda hər şeyi oxudum. İlkin baxışa Türkiyəyə yollandım. Orda çoxlu əcnəbi futbolçu baxışda idi, onlar haqda daha sonra qərar veriləcəkdi.
- Ən qorxduğunuz şey nə idi?
- Daha çox düşünürdüm ki, onlara hansı səviyyədə futbolçu lazımdı. Biz ilk yoxlama matçımızı Qori "Dila"sına qarşı keçirdik. Bu elə-belə komanda deyildi, Avropa Liqasında oynamış klub idi. 2-ci matçımız "Spartak-Nalçik"ə qarşı oldu və 0:1 uduzduq. Ancaq Rusiya klubuna qarşı normal, bərabər səviyyədə oynamışdıq. Artıq özüm haqda fikirləşirdim ki, pis deyiləm.
- Sizi bəyəndilər və qayıdanda ölkəni gözlərinizlə gördünüz...
- Qorxu gözəl idi. Biz Türkiyədən birbaşa Azərbaycana uçduq, mənə təcili viza açılmışdı. Biz Bakıya eniş edəndə, şəhərdə hər şey qızıl kimi işıq saçırdı. Tam bir rus yanaşması vardı. Hava limanından otelədək yol uzun idi. Orda tam sürətlə avropalaşma gedirdi. Saytdan öyrənmişdim ki, Zaqatalanın stadionunda təmir işləri gedir deyə, biz il ərzində Bakıdakı oteldə qalacağıq. "İnter", "Qarabağ" və "Neftçi" ilə ev oyunlarımızı Bakıda keçirdik. Uduzduğumuz oyunlardan sonra prezident gəlib bizə dedi ki, cəza olaraq Zaqatalaya qayıdacağıq...
- Bu necə cəzadı?
- Ordakı qaydalara görə, normal. Azərbaycan bu baxımdan spesifik ölkədi. Orda hamı Bakıda yaşamaq istəyir. Bizdə Vrotslav, Krakov və Varşava eyni səviyyədə şəhərlərdi. Ancaq orda elə deyil. Azərbaycanlı oyunçulardan hiss etdim ki, onlara prezidentin bu sözləri ciddi təsir etdi. Biz xaricilər isə nəyin baş verdiyini bilmirdik. Ancaq komandadakı gərginliyi hiss edirdik... Aman Allahım, Zaqatalaya çatanda dramatik anla üzləşdik.
- Elə pis idi?
- Ola bilər ki, hələ mən artıq deyirəm. Şəhər 25 min sakindən ibarət idi. Nə gözəl, nə də çirkin deyildi. Dağların əhatəsində bir şəhər idi. Biz soruşduq ki, bu dağlarda nə var? Dedilər ki, ancaq terroristlər. Dəhşət. Hər birimizin evi vardı. Adam Banaşla sonra mən zarafatla deyirdik ki, biz sonuncu aqroturizmin olduğu kurort yerə düşmüşük. 1 evdə məşqçi, 2-cisində onun köməkçisi, 3-cüsündə isə həkim qalırdı. Bütün klub bir yerdə yanbayan olurdu.
- Koloniyalardakı kimi. Bu bir tərəfdən inteqrasiya üçün pozitivdi, digər tərəfdən isə komanda öz şirəsində boğula bilər. Bəzən həqiqətən inanılmaz gəlir ki, siz ora getmək istəmisiniz.
- Ümumiyyətlə, bizdə super atmosfer vardı. Biz əcnəbilər harasa gedəndə azərbaycanlı futbolçularla gedirdik. Demək olar ki, sutkada 24 saat onlarla birgə idik. Xarici ölkə, çoxlu boş vaxt, kiçik bir yer. Belə deyərdim: orda depressiyaya və digər hallara düşməmək üçün yaxşı atmosfer yox idi.
- Polşadakı futbolçulara həsəd aparmırdınız? Bir tərəfdən siz onları maddi baxımdan qabaqlayırdınız. Digər tərəfdən onlara maraq sizdəkindən daha çox idi..
- Yox, həsəd aparmırdım. Çünki mən də zəif komandalara qarşı oynamamışdım. Düzdü, bilirdim ki, "Beşiktaş", "Olimpiakos"la oyunlar yoxlama matçlarıdı. Həmin komandalara uduzduq. Çempionatın səviyyəsi yaxşı idi. Aydındı ki, mən bayram əhval-ruhiyyəsi hiss olunan stadionlarda oynamağı qaçırdım. 20 kamera, müsahibələr, azarkeşlər. Düzdü, son vaxtlar orda da türk telekanallarına oxşar çəkilişlər olur, ancaq müqayisəolunmazdı. Komandada "Visla"nı məğlub edən "Qarabağ"dan futbolçular vardı. Onlar Polşa stadionlarında azarkeşlərdən, mətbuatdan ağızdolusu danışırdılar. Bəs futboldan? "Eee, onları asanlıqla keçdik" deyirdilər. Və bu mənə pis təsir edirdi. Çünki "Visla" Azərbaycanda problemsiz çempion olar.
- Baxmayaraq ki, biletlər ucuzdu, Azərbaycanda oyunlara 500 azarkeş gəlir.
- Mənim oynadığım vaxt 10 komandadan 7-si paytaxtı təmsil edirdi. Biz AZAL ilə oyuna gedəndə 20 azarkeş vardı. Bunlar da oyunçuların həyat yoldaşları, uşaqlar, qonşuluqda yaşayanlar idi. "Neftçi" ilə matçda 500 azarkeş vardı. Təəccüblü idi ki, Bakıda 5 km radiusda bir neçə stadion olsa da, vəziyyət eyni idi. "İnter" bunun üsulunu tapmışdı. Uşaqlara 20 manatdan ödəyirdi ki, onlar gəlib azarkeşlik etsinlər.
- Oyuna gedirsiniz, stadionlar boşdu. Ümumiyyətlə, belə ab-havada oynamaq istəyirdiniz?
- Oyunda favorit olduğunuzu biləndə, hə. Axşamlar projektorlar altında oynamaq olurdu... Bəzi fan-klublar öyrədilirdi. Klub onlara pul verirdi, yemək-içməklə təmin edirdi ki, rəqibə qarşı təzyiq etsinlər. Ancaq bununla belə, heç bir dava-filan olmurdu.
- Azərbaycanda bu sahəyə inanılmaz pullar yatırılır. Ancaq adamlar hətta pulsuz belə oyunlara getmirlər. Orda demək çətindi ki, futbol sevilir...
- Top azərbaycanlılar üçün deyil! Ancaq Avropa Oyunlarında adamlar dolu idi. Azərbaycanlılar deyir ki, bunun üçün 12 milyard dollar xərclənib. Yüngül atletika üçün inşa olunmuş 70 minlik stadion boş qalıb. Onlar Avropaya göstərmək istəyirlər ki, bura Dubay kimidi. Hər şey qızıldan, zərli-zibalı olmalıdı.. Yeni tikililər var. Azərbaycanlıların topu artıq tükənib. Neftin qiyməti aşağı düşüb, pulları əvvəlki tək yoxdu.
- Bunu hətta "Simurq"dan sonra da müşahidə etmək olar. Uzun müddət hər şey yaxşı idi və birdən klub çökdü..
- Neftin satışından gəlirlər azalıb. Meymun biznesi başlayıb... Klub prezidentləri axtarışdadılar. "Bakı" klubunun sponsorunu da polis axtarırdı. "İnter" əvvəlki kimi futbolçulara pul verə bilmir. Eşitdiyimə görə, "Neftçi" FIFA-da işi uduzub və Mpenzaya 1 və ya 2 milyon ödəməlidi. Bu yaxşı hal deyil. "Simurq" sonadək qaydasında oynadı. Ancaq maaşlar verilmədi və yəqin ki, onları almaq mümkün olmayacaq.
- Siz pulunuzu almaq üçün cəhd etmədiniz?
- Hüquqşünaslarla danışdım. Hamısı mənə dedi ki, heç bir mənası olmayacaq. Kimdən borcunu ödəməyi tələb edəcəyik? Klub rəsmi olaraq artıq mövcud deyil. Öz adını dəyişib və indi aşağı dəstədə çıxış edir. Adlarını "Zaqatala" ediblər və klubun rəngini də dəyişdiriblər. "Simurq"un borcunu bağışlayıram. Mənə Lənkəranda başıma gələnlər pis təsir etdi və onlarla sonadək mübarizə aparacağam. "Xəzər Lənkəran" mənimlə müqavilə bağladı, sonra məlum oldu ki, onlara transfer qadağası qoyulub. Mən onlara dedim ki, müqavilə bağlayıb oynaya bilməməyim normaldı, ordan ayrılmağı təklif etdim. Onlar isə dedilər ki, yox, 2 həftə ərzində yeni oyunçuların sifariş olunması üçün icazə alacaqlar. Mənimlə yanaşı yeni transferlərdən 5 futbolçu gözləməli olduq. Klub CAS-a müraciət etdi, ancaq mən bilirdim ki, bu 2 günə olan iş deyil. Onlar məktub göndərirdilər, mən isə oturub oynaya bilmirdim.
- Bilmirsiniz ki, onlarda transfer qadağası hələ də var?
- Mən onlarla iyulun 1-dən müqavilə bağladım. Ancaq iyulun sonlarınadək gözlədim. Onda onlar hələ CAS-da işi udmamışdılar. Təsdiqlədilər ki, 100 faiz işi udacaqlar və ayın sonlarında bizi qeydiyyata götürəcəklər. Ən pis halda avqustun sonlarında bu qadağa götürüləcəyini dedilər. Ancaq qadağa uzandı. Ən pisi onların münasibəti idi. FIFA-da bir işi udmuşdular, ona görə əmin idilər ki, bu dəfə də qalib gələcəklər. Onlara dedim ki, məni heç olmasa ilyarımlığa icarəyə göndərin. "Yox, biz işi udacağıq" dedilər.
- Bir neçə oyunçu ilə müqavilə bağlayırlar. Ancaq onlardan heç birini oynada bilmirlər...
- Təşkilatçılıq baxımından axsayırdılar. Əmin idilər ki, işi udacaqlar. Ancaq uduzdular. Məktub gəldi ki, transfer qadağası yanvarın 1-dək saxlanılır. Mən isə oynaya bilmək üçün orda uzun müddət qala bilmədim. Hazırda onlar ödəməni dayandırıblar. Əgər mən orda oynasaydım, hətta pul ala bilməsəydim belə, "Xəzər Lənkəran"da qalardım. 3 ay sonra klubla müqaviləmi pozdum.
- Onlar sizə pul ödəməyəcəklər. Çünki özünüz getmək istəmisiniz...
- Bir anda onların başı başqa işə qarışıb. Bu klubun milyon dollarlarla başqa futbolçulara borcu var. Bilirsiniz ki, bu qadağa boşuna verilmir. Onlar köhnə futbolçulara borclarını verməyə başlayıblar. Ona görə sponsor da indiki futbolçulara pul verməyi dayandırıb.
- Ölkə xaricində daha yaxşı qazanmaq üçün nə etmək lazımdı?
- İlk növbədə oranın mədəniyyətini bilmək lazımdı. Azərbaycanın 2 dünyası var. Bazarlarda işləyən nənələr də var, 5 mühərrikli böyük "Range Rover" sürən əli qızıllı qoca xanımlar da. 2 tamamilə fərqli dünya. Bakıda magistral ilə gedirsən, birdən yolun daralır. Yollardan qoyun sürüləri keçir. Oyuna avtobusla gedən vaxt qoyunların keçməsini gözləməlisən. Onların tualeti əvvəldə məni şoka salmışdı. Avropalı kimi əvvəldə necə davranmalı olduğumu bilmirdim.
- Ən ekstremal situasiya hansını yaşamısınız?
- Qurban Bayramını. Həyat yoldaşım heyvanlara qarşı çox həssasdı. Biz həmin bayram vaxtı bütün pəncərə və qapıları bağlamalıydıq. Hər evdə heyvan öldürürdülər. Bildiyiniz kimi, evlərdə və küçələrdə qan qurban verilir. Onlar heyvanların başını kəsirdilər. Bu elə dəhşət idi. Pis bayramdı, təsəvvür etmək mümkün deyil. Ümumiyyətlə, pəncərə açıq olanda yatmaq olmur. Səhər saat 4-də hər yerdə azan səsi eşidilir. Bakı daha çox Avropa şəhəri sayılır. Ancaq rayonlar var ki, orda qadınlar başlarını bağlayır, kişi və qadın çimərlikləri ayrıdı.
- Necə ki?
- Siz çimirsiniz. Əri sağda, qadın isə soldadı. Adi vəziyyətdə üzə bilərsiniz, ancaq gərək qadın tərəfə üzməyəsən. Hovuzlar da ayrı-ayrıdı. 10-dan 14 yaşadək oğlanlar, 14-dən 18 yaşadək qızlar. Öz qızımla hovuza gedəndə bu haqda bilmirdim. Bir oğlan mənə qışqırdı: "Sən orda neynirsən? Çıx ordan!" "Qızımla çimirəm" dedim. "3 qız çimir orda" dedi. "Ancaq onlar çılpaq deyil ki. Qaydalarda var ki, kostyumla çimmək olar. Mənim də həyat yoldaşım var" dedim. "Olmaz!!!" deyib icazə vermədi. Soyunma otağına da çılpaq gedə bilməzsən, "şortik"də olmalısan. Azərbaycanda müsəlmanlar çoxluq təşkil edir. Ancaq pravoslav geyimində dindarlara da rast gəlirsən. Qadınlar poçt idarələrində və ya ofislərdə işləyə bilərlər. Namazın vaxtı var. Məşqlərimizi süni örtükdə edirdik. Onlar məşqlərə namazdan sonra çıxırdılar. Belə bir situasiya xatırlayıram ki, artıq saat 16-da məşqə çıxmalıyıq, 16.05-di, cəmi 7 nəfər var. Məşqçi çaşqınlıq içində qalıb. "Məşqçi, namaz qılırlar" dedilər. Və biz onları gözləyirik.
- Düzünü demək lazım olsa, onların arasında qorxmurdunuz?
- Yox, Azərbaycan müsəlmanları çox yaxşı insanlardı. Onlarda nizam-intizam var deyə polisin də onlarla işi olmur. İstənilən halda çox qonaqpərvər insanlardılar, hətta çox yoxsuldular. Onlar hətta əcnəbisinizsə belə, dərhal sizi evinə dəvət edir, sizə hörmətlə yanaşır. Az şeylərinin olmasına baxmayaraq, sizə çox şey vermək istəyirlər.
- Hətta Azərbaycanın qonaqpərvərliyini Berti Foqts da bildirmişdi. O demişdi ki, "onlar oturmazdan əvvəl adamı əllərində bir fincan çay və meyvə ilə qarşılayırlar. Sonra onlar sənə ailənin bir üzvü kimi yanaşırlar".
- Çay onlarda rituallıqdı. Gündə 10 dəfə çay içirsən. Yuxu ilə bağlı problemin olanda axşam vaxtlarında içməmək məsləhətdi. Matçdan qayıdırıq, gecə saat 3-dü və avtobus birdən saxladı. Öz-özümdən soruşuram: "Bu insan niyə avtobusu saxladı?" "Çay fasiləsi" deyir komanda yoldaşım. Hamı avtobusdan düşür və çay içir.
- Siz içməmək üçün avtobusdan düşmürdünüz?
- Yox, bu ritualdı! Bir azərbaycanlı sizi evinə dəvət edəndə siz içəri keçməlisiniz. Yoxsa bu təhqirdi. Azərbaycanlılar hətta məşqdən sonra da isti çay içirlər.
- Avqustda Azərbaycanda idman jurnalisti öldürüldü. Bu necə oldu?
- Bütün Azərbaycan bu məsələyə çaşdı. Jurnalistlər bütün ay boyu bir oyunçunu tənqid edirdi. Deyilənə görə, qətli Cavid Hüseynov sifariş etmişdi, indi həbsdədi.
- De görək, bu situasiya necə oldu axı?
- Mən azərbaycanlıların mənə dediyi qədər bilirəm. "Qəbələ" "Apollon"la oynamışdı. Bilirsiniz ki, kiprlilərin türklərlə düşmənçiliyi var. Bizim Macarıstanla dostluğumuz kimi, azərbaycanlılar da türklərlə qardaş kimidilər. Oyundan sonra o, türk bayrağı ilə stadion ətrafında qaçıb və bu yolla azarkeşləri qızışdırıb. Kiprlilər isə çılğın mentalitetə malikdilər və meydançaya düşüblər, nəticədə ara qarışıb (əslində meydançaya kiprli azarkeş düşməyib və Rasim Əliyev bu məsələni tənqid etməyib - red.). Ölən jurnalist də bu hərəkəti tənqid etdi və Hüseynov yaxın qohumuna onunla danışmağı tapşırdı.
- Dəhşətli yerdə oynamısınız!
- Yox, yox, ora sivilizasiyalı ölkədi. Jurnalist xəstəxanaya çatdırılıb və 2 gün sonra keçinib. Bu məsələ nazirlik səviyyəsində nəzarətdədi.
- Jurnalistlər bu məsələyə necə reaksiya verdilər?
- Onlar azərbaycanlı futbolçular barədə tənqidi xəbərlər yazmağa başladılar. Oyunçular isə müsahibə verməyəcəklərini bildirdilər. Tipik münaqişələr oldu.
- Azərbaycanı necə xatırlayacaqsınız?
- Ekzotik ölkədə karyera yaşadım.
- Başqa hansı ekzotik ölkədə oynamaq istərdiniz?
- Nə vaxtsa Qazaxıstan və ya Tailandda... Niyə də olmasın?
Fanat.az