Uğursuz çıxışını davam etdirən "Qalatasaray"ın "Anderlext"ə 0:2 hesabı ilə yenildikdən sonra qrupda qalacağı dəqiqləşib. Fanat.az xəbər verir ki, bundan sonra klub rəhbərliyi baş məşqçi Çezare Prandelli ilə yollarını ayırmaq qərarına gəlib.
Məlumata görə, "Qalatasaray" rəhbərliyində təmsil olunan iki əsas şəxs - Abdürrahim Albayrakla Ali Dürüst "Anderlext" matçından sonra bir araya gələrək italyan məşqçinin istefasına qərar verib.
Artıq "Cim-Bom"un baş məşqçi postuna namizədlər də bəllidi. Türkiyə mətbuatının məlumatına görə, bu vəzifəyə 5 namizəd var. Siyahıda Azərbaycanla bağlılığı olan iki isim yer alıb:
Hikmet Karaman - "Qalatasaray"ın siyahısındakı ilk isim olduğu deyilir. Bir müddətdi "Sarı-qırmızılılar"la adı hallanan mütəxəssis hələ ki, bu iddialara reaksiya verməyib.
Mustafa Dənizli - "Qalatasaray"a rəhbərliyi Çezare Prandellidən əvvəl də onunla danışıqlar aparmışdı. Amma həmin vaxt prezident Ünal Aysal italyan mütəxəssisə üstünlük vermişdi. Sadəcə "Xəzər Lənkəran"ın sabiq baş məşqçisinin qoyduğu şərtlərin çox ağır olduğu deyilir.
Tuqay Kərimoğlu - Bir müddət əvvələ qədər komandada məşqçi işləyən veteran futbolçunun "Qalatasaray"ın başına keçəcəyi ilə bağlı xəbərlər çoxdan dolaşır. Onun əsas üstünlüyü komandanı çox yaxşı tanımasıdı. Digər namizədlərlə razılıq əldə olunmasa, Kərimoğlu ilə danışıqlar başlayacaq.
Hasan Şaş - "Qalatasaray"da Fatih Terimin köməkçisi olmuş veteran futbolçunun Abdürrahim Albayrak və Ali Dürüstlə çox yaxın münasibətləri var. O, komandanı mövsümün sonunadək çalışdıra bilər.
Saffet Suşiç - Bir müddət əvvəl milli komandamızın baş məşqçi postuna namizəd olan mütəxəssis artıq Bosniya və Hersoqovina yığmasından ayrılıb. O, bir neçə gün əvvəl "Qalatasaray"dan təklif aldığını açıqlayıb.
Fanat.az