"Beşiktaş"ın baş məşqçisi rəsmən açıqlanıb. Fanat.az klubun rəsmi saytına istinadən хəbər verir ki, Şenol Günəş komandanın yeni baş məşqçisi təyin olunub.
"Beşiktaş" yeni baş məşqçisi ilə 2+1 illik müqavilə imzalayıb. Klub Şenol Günəşin müqaviləsinin şərtlərini də açıqlayıb. Baş məşqçi 2015/16 və 2016/17 mövsümlərində 1,5 milyon avro maaş alacaq. Klub 1 iyun 2017-ci ilə qədər yazılı bir açıqlama ilə müqavilənin müddətini daha bir il artıra bilər. Bu halda Şenol Günəş 2017/18 mövsümündə də 1,5 milyon qazanacaq. "Beşiktaş" 1-ci mövsümün sonunda 500 min avro təzminat ödəməklə müqaviləni poza bilər.
Qeyd edək ki, Şenol Günəş bu postda Slaven Biliçi əvəzləyib. 63 yaşlı mütəхəssisin son iş yeri "Bursaspor" olub. O, əvvəllər "Trabzonspor", "Boluspor", "İstanbulspor", "Antalyaspor", "Sakaryaspor" və Cənubi Koreyanın "Seul" klublarına başçılıq edib. 2000-2004-cü illərdə Türkiyə millisini çalışdıran mütəхəssis 2002-ci ildə dünya çempionatının, bir il sonra Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.
Fanat.az