"Beşiktaş" - "Fənərbaxça": derbi haqda hər şey

"Beşiktaş" - "Fənərbaxça": derbi haqda hər şey

Bu gün Azərbaycanda da böyük maraqla izlənən İstanbul derbisi baş tutacaq. Fanat.Az xəbər verir ki, "Vodafone Arena"da baş tutacaq mövsümün son derbisində "Beşiktaş" "Fənərbaxça"nı qəbul edəcək.

"Beşiktaş" qələbə qazanacağı halda liderliyini möhkəmləndirərək "Başakşəhər"lə xal fərqini yenidən 4-ə yüksələdəcək. "Fənərbaxça" qələbə qazansa, ikinci pillə ilə fərqi 4-ə endirib Çempionlar Liqasına vəsiqə şansını artıracaq. Bu qələbə həm də "Başakşəhər"in çempionluq şanslarını yüksəldəcək.

343-cü derbi

"Beşiktaş"la "Fənərbaxça" indiyədək 342 dəfə qarşılaşıb. 93 illik rəqabətdə "Fənərbaxça"nın 130, "Beşiktaş"ın 123 qələbəsi var. 89 oyunda qalib müəyyənləşməyib. Qol sayında da "sarı-lacivərdlilər"in üstünlüyü var - 469:429. 

İki nəhəng Super Liqada 121 dəfə üz-üzə gəlib. Bu oyunlarda da Kanaryanın üstünlyü var - 45:38. 38 qarşılaşma "sülh"lə bitib. "Fənərbaxça"nın 133 qoluna "Beşiktaş" 131 dəfə cavab verib.

Qol vura bilmirlər

"Beşiktaş"ın "Fənərbaxça" ilə oyunlarda əsas problemi qol vurmaqda çətinlik çəkməsidi. "Qartallar" əzəli rəqiblə son 6 matçın 5-də toru silkələyə bilməyib. Bu müddətdə sadəcə ötən mövsüm Atatürk Olimpiya stadionunda baş tutan matçda (3:2) qol vura biliblər. "Fənərbaxça" isə son 10 matçın 9-da qol vurub.

Cari mövsümdə 3-cü dəfə

"Beşiktaş"la "Fənərbaxça" bu mövsüm 3-cü dəfə üz-üzə gələcək. Super Liqanın ilk yarısında "Şükrü Saracoğlu" stadionunda baş tutan matç 0:0 hesabı ilə başa çatıb. Türkiyə Kubokunun "Vodafone Arena"da keçrilən oyununda isə "Fənərbaxça" Robin van Persinin qolu ilə 1:0 hesablı qələbə qazanıb.

40 oyunda 26 "qırmızı"

"Beşiktaş" - "Fənərbaxça" derbiləri sərtliyi və gərginliyi ilə seçilir. Son 15 mövsümdəki 40 matçda 26 qırmızı vərəqə göstərilib. "Qara Qartallar" 17, "sarı-lacivərdlilər" 9 "qırmızı" alıb.

Mayda 45-ci matç

Əzəli rəqiblər may ayında 45-ci dəfə üz-üzə gələcək. Arxada qalan 44 matçda "Fənərbaxça"nın 17, "Beşiktaş"ın 16 qələbəsi var. 11 oyunda qalib müəyyənləşməyib. Top fərqində də "Fənər" üstündü - 67:61.

Qolları əcnəbilər vurur

"Beşiktaş" - "Fnərbaxça" derbilərində qolları əsasən əcnəbilər vurur. Son 28 qarşhılaşmada vurulan 76 qoldan 59-unda legioner imzası var. 6 dəfə fərqlənən Bobo "Beşiktaş"ın son 28 matçdakı bombardiridi. "Fənərbaxça"dan isə bu müddətdə ən çox fərqlənən Aleks olub - 10 qol.

"Beşiktaş" qazana bilmir

"Beşiktaş" son illərdə "Fənərbaxça"ya qalib gəlməkdə çətinlik çəkir. "Qara Qartallar" son 17 derbidən cəmi 3-də qələbə sevinci yaşayır. 9 matçda yenilən "ağ-qaralar" 5 dəfə "sülh"ə razılaşıb.

Fırat Aydınus 10-cu dəfə

Fırat Aydınus derbini ən çox idarə edən hakimlərdəndi. O, 10-cu dəfə "Beşiktaş" - "Fənərbaxça" derbisinə təyinat alıb. Ötən 9 qarşılaşmada hər iki komanda 4 qələbə qazanıb, bir matç "sülh"lə bitib.

255 milyon avroluq derbi

İki komandanın ümumi dəyəri 255 milyon avrodu. "Transfermarkt"ın hesablamalarına görə, qarşılaşmanın ən bahalı futbolçusu "Beşiktaş"lı Oğuzhan Özyakupdı. Ona 12.5 milyon avro qiymət qoyulub. Oğuzhanı 12 milyon avro ilə "Fənərbaxça"lı Jeremain Lens izləyir. İlk "üçlüy"ü tamamlayan Simon Kyaerın 11.5 milyon avro dəyəri var.

Ən bahalı türklər

Derbinin ən bahalı yerli futbolçuları siyahısında ilk iki pilləni "Beşiktaş" futbolçuları tutur. Oğuzhan Özyakupın 12.5, Cenk Tosunun 9 milyon avro qiyməti var. 3-cü pillədə qərarlaşan "Fənərbaxça"lı Mehmet Topala 8.5 milyon avro qiymət qoyulub.

Derbinin "ən"ləri

Ən böyük hesablı qələbələr: Fənərbaxça - Beşiktaş 7:0 (6 dekabr 1958-ci il), Beşiktaş - Fənərbaxça 7:1 (23 mart 1941-ci il)

Ən çox qol vuran futbolçular: "Beşiktaş"ın "Baba Hakkı" ləqəbəli əfsanəsi Hakkı Yeten əzəli rəqibə 32 qol vurub. "Fənərbaxça"lı Cemil Turanın isə aktivində 19 qol var.

Ən erkən qol: "Fənərbaxça"lı Elvir Boliç 21-ci saniyədə toru silkələyib. "Beşiktaş"ın əfsanəsi, "Şifo" Mehmet Özdilek isə 37-ci saniyədə rəqib qapısına yol tapıb.

Bir matçda ən çox qol vuran futbolçu: "Fənərbaxça"lı Zeki Rza Sporel 18 iyun 1926-cı ildə baş tutan və 4:1 hesablı qələbə qazandıqları oyunda komandasının bütün qollarını vurub.

Ən çox qeydə alınan hesab: 342 maçtda 77 dəfə 1:0 qeydə alınıb. "Fənərbaxça" 40, "Beşiktaş" 37 dəfə bu hesaba sevinib.

Ən pis seriyalar: "Beşiktaş" rəqibini ardıcıl 17, "Fənərbaxça" 12 matçda yenə bilməyib.

Ən yaxşı seriyalar: "Beşiktaş" ardıcıl 7, "Fənərbaxça" 6 qələbə qazanıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər