Maliyyə problemləri içində çabalayan “Bakı”da son 4 ayın maaşını ala bilməyən futbolçular rəhbərliklə görüşməyə can atsa da, oyunçuları qəbul edən yoxdu. Fanat.az-ın əldə etdiyi məlumata görə, səbr kasası daşan futbolçulara konkret tarix deyilib.
Prezident Hafiz Məmmədov və qardaşı Zeynal Məmmədov hökm sürən xaosa nə vaxt əncam çəkiləcəyini şəxsən söyləməsə də, digər klub rəsmiləri vasitəsi ilə narazı oyunçulara xəbər göndərib. Belə ki, futbolçular “onlara deyin ki, iyunun 25-də hər şeyə aydınlıq gələcək” ismarıcı alıb.
Xatırladaq ki, "zolaqlı" formanı geyənlər maaş kartlarına köçürülmüş pulları belə bankdan çıxara bilmir. Komanda üzvlərinin 4 ay öncə hesabına yüklənmiş məbləğlər də dondurulub. Vəziyyətin bu həddə çatmasından ciddi narahatlıq keçirənlər iyunun 25-ni gözləyir. Həmin tarixdə yığıncaq baş tutacaq, ardından komandanın toplanışına start veriləcək. Klubdaxili iclasda nələrin müzakirə ediləcəyini Fanat.az diqqətinizə çatdıracaq.
Fanat.az