Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. Fanat.az xəbər verir ki, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gəlib.
Qadınlardan ibarət yığmamızın üzvü Patimat Abakarova taekvondoda ilk medalımızı qazanıb. 49 kq çəki dərəcəsində mübarizə aparan хanım idmançımız bürünc medala sahib çıхıb.
Kişi taekvondoçumuz Məhəmməd Məmmədov isə medalsız qalıb. 58 kq-da çıхış edən idmançı 3-cü yer uğrunda oyunda uduzaraq medal qazana bilməyib.
Kişilər
58 kq
Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyur. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb. Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. 2014-cü ildə Bakıda Avropa çempionatının bürünc medalını qazanan Qabrera 8:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. İspan taekvondoçu finala yüksəldiyindən Məmmədov təsəlliverici görüşə qatılıb. Həmyerlimiz 1/4 finaldakı məğlubiyyətin revanşını İlya Kokşintsevdən (Belarus) alıb. Rəqibinə 15:3 hesabı ilə qalib gələn Məmmədov 3-cü yer uğrunda qarşılaşmada Muhamed Ketbi Si (Belçika) qüvvəsini qüvvəsini sınayıb və 4:5 hesabı ilə uduzaraq medalsız qalıb.
Qızıl: Rui Braqanqa (Portuqaliya).
Gümüş: Xesus Tortosa Qabrera (İspaniya).
Bürünc: Muhamed Ketbi Si (Belçika), Levent Tuncat (Türkiyə).
Qadınlar
49 kq
Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirib. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub - 7:1. O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb. Görüş taekvondoçumuzun qələbəsi ilə başa çatıb. 20 yaşlı idmançımız özündən 8 yaş böyük olan Avropa çempionunu 4:2 hesabı ilə məğlub edib. Patimat finala gedən yolda serbiyalı Tiyana Boqdanoçivlə gücünü yoxlayıb. Taekvondoçumuz üçün hər şey yaxşı başlayıb. Abakarova hətta 5:1 hesabı ilə önə də keçib. Lakin görüş 6:6 hesabı ilə başa çatdığından qalib qızıl xalla müəyyənləşib. Həlledici məqamda isə hücuma keçən idmançımız gözlənilmədən zərbə buraxıb – 6:7. Bu isə onun finala çıxmasına mane olub. Patimat bürünc medal uğrunda çıxışını davam etdirib. O, Erika Nikoli (İtaliya) ilə qarşılaşıb və rəqibinə çətin anlar yaşadıb. Sonadək inamla döyüşən təmsilçimiz qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib - 13:0.
Qızıl: Çarlı Maddok (Böyük Britaniya).
Gümüş: Tiyana Boqdanoç (Serbiya).
Bürünc: Patimat Abakarova (Azərbaycan), Lusiya Zaninoviç (Xorvatiya).
Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.
Fanat.az