"Əlbəttə, Azərbaycanda da ölkə kubokunu qazanmağı çox istəyirəm. Hesab edirəm ki, bu, “Qəbələ” üçün də böyük nailiyyət olacaq. Məqsədə çatmaq üçün bütün gücümüzü qoyacağıq". Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məçqçisi Roman Qriqorçuk deyib.
"Qəbələ" kubokun 1/4 finalında "Simurq"la qarşılaşacaq. Ukraynalı mütəxəssis "Qəbələ İK" qəzetinə açıqlamasında oyunla bağlı danışıb: "İş elə gətirib ki, 4 gün ərzində 2 çətin oyuna - əvvəlcə çempionatda lider “Qarabağ”la, sonra kubokda “Simurq”la matça çıxmalı oluruq. Qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoyulubsa, komanda sıx qrafikdə oynamağa hazır olmalıdı. Oyunçular da bu qrafikə öyrəşirsə, bunu tam futbol həyatı adlandırmaq olar. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bizi çətin və maraqlı mübarizə gözləyir".
Baş məşqçi çempionatla kuboku belə müqayisə edib: “Söhbət nəticə qazanmaqdan gedirsə, kubok da tituldu. Çempionatdan fərqli olaraq, avrokuboklara vəsiqəni bu yarışda daha tez qazanmaq mümkündü. Bunu yaxşı başa düşürük. Ancaq rəqiblərimiz də belə düşünürlər. Kubokda mübarizə aparan iddialı komandalar da qarşısına qalib olmaq məqsədi qoyur. İndi əsas vəzifə növbəti rəqibi keçib, yarımfinala çıxmaqdır”.
Ukraynalı mütəxəssis 1/4 finalda “Simurq”la oyunların gərgin olacağına əmindi: “Simurq” bir sıra komponentlərdə müəyyən potensiala malikdi. Praktika göstərir ki, kubokda oyunadək favorit haqda danışmırlar. Çünki bu turnirin özəllikləri var. Məncə, bütün komandaların şansları bərabərdi. Ola bilər ki, ilk oyunu səfərdə keçirmək psixoloji baxımdan bir az asandı və cavab matçını evdə keçirmək işi nisbətən asanlaşdırır. Ancaq ilk oyunu evdə, yoxsa səfərdə keçirmək, mənim üçün prinsipial məsələ deyil. Çünki istənilən halda 2 fərqli məkanda oynayacağıq”.
Fanat.az