Bakıda Bakıda Milli Gimnastika Arenasının açılış mərasimi keçirilib. Fanat.az xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib.
Prezident və xanımı Milli Gimnastika Arenasının rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılıb. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdı.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdi. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündü. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.
Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə əlaqələrini inkişaf etdirir.
İlham Əliyev və Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış oldular və gimnastların məşq prosesinə baxıb. Dövlət başçısı və xanımı gimnastlarla xatirə şəkli çəkdirib.
Burada da idmançılar üçün hər cür şərait yaradılıb. Avropa Gimnastika İttifaqının prezidenti də burada yaradılan şəraiti yüksək qiymətləndirib. Zalda ən son gimnastika avadanlığı quraşdırılıb. Həmin avadanlıq Avropa Gimnastika İttifaqı, Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilib.
Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Aprelin 19-da isə bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı təşkil olunacaq. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışacaq. Turnirdə, həmçinin Bakıda təlim-məşq toplanışlarında olan Macarıstan və Qazaxıstan gimnastlarının müsabiqədənkənar çıxışları nəzərdə tutulur. Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi və iyunun 13-15-də təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri xarakteri daşıması yarışlara olan marağı daha da artırıb. Bundan əlavə, 2015-ci ildə baş tutacaq birinci Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.
Prezident İlham Əliyevə “Beynəlxalq İdman Mətbuatı Assosiasiyası - AİPS-nin tarixi” kitabının ilk nüsxəsi təqdim olunub. Qeyd edilib ki, qurumun 90 illik tarixinə həsr olunan kitab Gənclər və İdman Nazirliyi ilə birgə hazırlanmışdır. Kitabın ilk 18 səhifəsi Azərbaycanda idmanın inkişafına həsr olunub. İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
"AzərTac"