Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.
Fanat.Az xəbər verir ki, sonuncu medallar karateçilərin mübarizəsində sahibini tapıb.
75 kq çəki dərəcəsində final döyüşü ilə Avropa Oyunlarına da yekun vurulub. Həlledici qarşılaşmada Azərbaycan millisinin üzvü Rafael Ağayev tatamı üzərinə çıxıb. O, ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.
Beşqat dünya, 11 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi olan idmançımız 0:4 hesabı ilə məğlub olub. Bununla da karateçimiz yarışları gümüş mükafatla başa vurub.
R.Ağayevin medalı karateçilərimizin "Minsk-2019"da beşinci mükafatı olub. Ona qədər Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) və Firdovsi Fərzəliyev (60 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.
*** 18.50
II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib.
Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan Fərzəliyev gümüş medalla kifayətlənib.
Bu, Azərbaycan karateçilərinin "Minsk 2019"da dördüncü medalı olub. Bir gün öncə isə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçi Rafael Ağayev (75 kq) isə final görüşünə çıxacaq.
Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.
***17.47
Azərbaycan yığmasının karateçisi Rafael Ağayev Belarusun paytaxtı II Avropa Oyunlarının yarımfinal döyüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançımız estoniyalı Pavel Artamonovla üz-üzə gəlib. Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. Bununla da idmançımız ən azı gümüş medalı rəsmiləşdirib.
O, həlledici görüşdə ukraynalı Stanislav Horuna ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:48-də başlayacaq.
***17.15
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev II Avropa Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, kişilərin 60 kq çəki dərəcəsində yarımfinal görüşündə Fərzəliyev Rusiya təmsilçisi Yevgeni Plaxutinə qalib gəlib.
O, həlledici görüşdə latviyalı Kalvis Kalninslə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:16-da başlayacaq.
Qeyd edək ki, bu gün daha bir azərbaycanlı karateçi yarımfinalda qüvvəsini sınayacaq. Rafael Ağayev (75 kq) estoniyalı Pavel Artamonovla qarşılaşacaq.
***14.35
Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən karateçimiz B qrupunda qüvvəsini sınayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə qalib gələn idmançımız Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib - 0:0. Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan Rafael Ağayev Avropa Oyunlarının mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Karateçimizin rəqibi estoniyalı Pavel Artamonov olacaq.
67 kq çəkidə ölkəmizi təmsil edən Rafiz Həsənov isə A qrupunda çıxış edib. O, İv Martial Tadissi (Macarıstan) və Artyom Kravtsova (Belarus) eyni hesabla (1:5), Stefan Pokorniyə (Avstriya) isə 3:4 hesabı ilə yenilib. Qrupu son pillədə tamamlayan Həsənov üçün mübarizə başa çatıb.
***12.59
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar.
B qrupunda (60 kq) mübarizə aparan Firdovsi Fərzəliyev Oyunlara uğurlu başlanğıc edib. O, ilk görüşdə İlya Bulatova (Belarus) aman verməyib - 8:0. Emil Pavlova (Makedoniya) çətinliklə qalib gələn Fərzəliyev Ancelo Kreszento (İtaliya) ilə bərabərə qalıb. Bununla idmançımız qrup birincisi kimi yarımfinala adlayıb. Onun final yolundakı son rəqibi rusiyalı Yevgeni Plaxutin olacaq.
67 kq çəkidə ölkəmizi təmsil edən Rafiz Həsənov A qrupunda çıxış edəcək. O, İv Martial Tadissi (Macarıstan), Artyom Kravtsov (Belarus) və Stefan Pokorni (Avstriya) ilə qarşılaşacaq.
75 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu Rafael Ağayev B qrupunda rəqiblərini sınağa çəkəcək. Bakı-2015-in qalibi olan 34 yaşlı karateçi Co Kellavey (Böyük Britaniya), Erman Erdemir (Türkiyə) və Qabor Harspataki (Macarıstan) ilə görüşəcək.
Qadın karateçilərimizdən isə 50 kq çəkidə yarışan (A qrupu) Nuranə Əliyeva uğursuz çıxışla yadda qalıb. İdmançımız keçirdiyi hər 3 görüşdən məğlub ayrılıb. Belə ki, o, Serap Arapoglu Özçelikə (Türkiyə) 0:4, Şara Hubrişə (Almaniya) 1:2, Mariya Kulinkoviçə (Belarus) isə 1:3 hesabı ilə uduzub. Bununla qrup sonuncusu olan Əliyeva mübarizəni dayandırıb.
Qeyd edək ki, dünən karateçilərimizdən Asiman Qurbanlı (+84) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov isə bürünc medal qazanıb.
Fanat.Az