Futzal üzrə milli komandamız Türkiyədən Azərbaycana qayıtmaqda problemlə üzləşib. Sport7.az-ın əldə etdiyi xəbərə görə, yaxınlarda Türk Hava Yollarına məxsus Milan - İstanbul reysi üzrə hərəkət edən "Eyrbus A320" təyyarəsinin mühərrikində yanğın hadisəsinin baş verməsi komandamızın planlarına da təsirsiz ötüşməyib.
Belə ki, Moldovanın paytaxtı Kişinyovdan qayıdan komandamız İstanbuldakı Atatürk Hava Limanında olarkən xəbər tutub ki, 45 reys, o cümlədən Bakıya uçuşlar qeyri-müəyyən müddətə təxirə salınıb. Belədə yığma komandamız dünən İstanbulda qalmalı olub.
Komandamızın yubanması Azərbaycan çempionatına da təsir edib. Belə ki, milliyə oyunçu verən "Khazar Islands", "Fənər" və "Neftçi"nin oyunları təxirə salınıb. Həmin oyunların aprelin 28-də keçirilməsi qərara alınıb.
Yeri gəlmişkən, milli komanda Türkiyəyə getməzdən öncə Moldovada yoxlama oyunu keçirib. Kişinyovun "Atletiko” klubu ilə qarşılaşan millimiz 7:1 hesabı ilə qələbə qazanıb. Futzalçılarımızdan Ramiz Çovdarov dubl edib. Hərəyə 1 dəfə Vahib Xocayev, Zeynal Zeynalov, Namiq Məmmədkərimov, Fərid Atakişiyev və Samir Həmzəyev fərqlənib.
Qeyd edək ki, millimiz aprelin 22-23-də Moldova Futbol Federasiyasının 25 illiyi ilə bağlı beynəxalq turnirdə iştirak etmək üçün Kişinyova getmişdi. Komandamız həmin yarışı II pillədə tamamlamışdı.
Fanat.az