“Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olub. Fanat.az xəbər verir ki, Azərbaycanın birinci xanımına 2011-ci ilin iyununda təməli qoyulan stadionun inşasının sürətlə davam etdirilməsi və tikinti işlərinin böyük hissəsinin başa çatması barədə məlumat verilib.
Daha sonra Mehriban Əliyeva Bakı Olimpiya stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumatlandırılıb. Təşkilat Komitəsinin sədri interyerdə istifadə olunacaq tikinti materialları və mebel avadanlığı ilə bağlı tövsiyyələrini verib.
Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 62 metr hündürlüyündə, 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3103 yerlik avtomobil parkı inşa edilir.
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınacaq. Bununla da orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.
AzərTAc