“Həqiqətən də milli komandamız tarixi uğur qazandı, güləş tariximizdə yeni səhifə yazdı". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib.
Tehranda böyüklər arasında dünya kuboku yarışlarının qalibi olan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri vətənə qayıdıb. Jurnalistlərin suallarını cavablandıran Əjdər Cəfərov bunları deyib: "Bütün bu uğurlarımız ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana, güləşə göstərdiyi diqqət və qayğının nəticəsidi. Bütün bunlar bizi daha da ruhlandırır. Dünya Kubokuna da böyük ümidlərlə yollanmışdıq. Çox şadıq ki, İranda ev sahiblərini böyük üstünlüklə məğlub etdik. İnanın ki, bütün güləş dünyası pəhləvanlarımızın çıxışına heyran qalmışdı. Dünya Kuboku yarışları tarixində indiyə qədər heç bir komanda İran yığmasını öz evində məğlub edə bilməmişdi. Biz isə bunu bacardıq”.
Baş katib sözlərinə belə davam edib: “Bu qələbə bizim üçün çox önəmli idi. Qarşıda bizi Avropa Oyunları gözləyir. Bu yarışlar yığma komandamız üçün sınaq xarakteri daşıyırdı. Mən qazanılan nailiyyətlərə görə, güləşçilərə, məşqçilər korpusuna minnətdaram. Xüsusilə də federasiyamızın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Fazil Məmmədovun güləşçilərimiz üçün yaratdığı şərait bu cür uğurların qazanılmasına böyük töhfə verir. Düşünürəm ki, Bakıda keçiriləcək Avropa Oyunlarında da qızıl medallar qazanıb bizə göstərilən etimadı doğruldacağıq”.
AGF-nın baş katibi İranda Azərbaycan dövlət himni səslənərkən bayrağımızın təhrif edilməsinə də münasibət bildirib: “Təbii ki, bunu biz də gördük. Amma bütün olanlar himn səslənərkən, baş verdi. Daha sonra iradımızı bildirdik. Həmin vaxt Respublikamızın himnini yarımçıq dayandırmaq istəmədik. Artıq təşkilatçılar bununla bağlı bizə üzrxahlıq bildirdilər. Yaxın günlərdə rəsmi şəkildə üzrxahlıq məktubu da göndərəcəklər. Yəni bu cür hallar yolverilməzdi və belə hallara daim diqqətlə yanaşırıq”.
Fanat.az