Hazırda Türkiyənin Regional Həvəskarlar Liqasında (Bölgesel Amatör Lig - BAL) 3 azərbaycanlı futbolçu çıxış edir. Fanat.az xəbər verir ki, onlar iki klubun formasını geyinir.
Elnar Kərimov "Serhat Ardahanspor" klubunda çıxış edir. Onun komandası həvəskarlar liqasının 2-ci qrupunda mübarizə aparır. Qolkiper getdiyi gündən Ardahan klubunun əsas qapıçısına çevirilib. Belə ki, futbolçu çempionatın 6 oyununun hamısında 90 dəqiqə oynayıb (540 dəqiqə) və 5 qol buraxıb.
Elnar kubokda keçirdikləri hər iki oyununda meydana çıxıb (210 dəqiqə). Onun komandası ilk mərhələdə "İqdır Arasspor"un qonağı olub. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. "Serhat Ardahanspor" penalti seriyasında qələbə qazanıb - 4:3. Elnar rəqibin iki penalti zərbəsini dəf edib. İkinci rəqib isə "Sebat Proje Trabzon Akçaabat" olub. "Serhat Ardahanspor" bu dəfə uduzub - 1:2. Bu Kərimovun Türkiyədə keçirdiyi 9 oyunda hələlik yeganə məğlubiyyətdi.
"Serhat Ardahanspor" Regional Həvəskarlar Liqasında keçirdiyi 6 oyunda 14 xal qazanıb (4 qələbə, 2 heç-heçə, top fərqi - 13:5) və öz qrupunda turnir cədvəlinə başçılıq edir.
İki futbolçumuz - Azər Səfərli və Ceyhun Əhmədov mövsümün gedişində "Barfaspor"a keçib. Bu komanda Regional Həvəskarlar Liqasının 5-ci qrupunda çıxış edir.
Ceyhunla Azər V turda debüt edib və iki oyun keçiriblər. Əhmədov hər iki oyunda 90 dəqiqə oynayıb. Debüt maçında sonadək meydanda olan Azər isə ikinci oyunun 86-cı dəqiqəsində əvəzlənib. O, "Ulukavakspor"la oyunda sarı vərəqə alıb.
Fanat.az