"Bakı AVRO-2020-yə ev sahibliyi etməyə layiq idi. Bu Azərbaycan üçün böyük uğurdu". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Dünən İsveçrənin Cenevrə şəhərində AVRO-2020-ni qəbul edəcək 13 şəhərin müəyyənləşdiyi iclas keçirilib. Qitənin ən nüfuzlu turnirini keçirəcək şəhərlər arasında Bakının da adı var. Foqts UEFA-nın rəsmi saytına açıqlamasında bu qərardan danışıb: "Bakı möhtəşəm şəhərdi. Son illərdə Azərbaycan futbolu inkişaf edir. Burada yeni stadionlar, akademiyalar tikilir. Futbola böyük sərmayə yatırılır. Burada AVRO-2020 üçün çox gözəl bir stadion tikilir. Azərbaycanlıları bu münasibətlə təbrik edirəm".
Millimizin baş məşqçisi AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizlə bağlı da danışıb: "Biz çətin qrupa düşmüşük. İtaliya və Xorvatiya kimi millilərə qarşı oynayacağıq. Hər iki komanda qrupumuzun favoritləridi. Qarşılaşacağımız hər iki komanda son dünya çempionatının final mərhələsində mübarizə aparıb. Təbii ki, burada heç kəsə Avropa çempionatına getmək üçün havayı bilet vermirlər. Biz də komanda olaraq, inkişaf mərhələsindəyik. DÇ-2014-ün seçmə mərhələsində cəmi iki komandaya uduzduq. İki dəfə Portuqaliyaya, 1 dəfə Rusiyaya məğlub olduq. Bu, bizim üçün yaxşı nəticə idi".
Foqts Azərbaycanda futboldan çox şahmatın inkişaf etdiyini bildirib: "Bilirsiz, bu ölkədə futbolu çox sevirlər. Amma milli baxımlı oyun göstərib heç-heçə edəndə və ya uduzanda, azarkeşlər məşqçini başa düşmürlər. Qələbə qazananda, komanda qalib gələndə futbol ölkəsi olurlar. Əslində, bu ölkədə futbola yüksək pullar yatırılır. Yaxın illərdə Azərbaycan futbol sahəsində önəmli ölkələrdən biri olacaq. Amma belə baxsaq, şahmat daha çox inkişaf edib".
Fanat.az