"Beşiktaş"ın uzun müddətdi yeni müqavilə imzalamağa çalışdığı Mario Qomes qərarını verib. Fanat.az xəbər verir ki, alman ulduz komandanı tərk etdiyini açıqlayıb.
Şəxsi "Facebook" hesabından bununla bağlı paylaşım edən Qomes ölkədəki siyasi durum səbəbindən "Beşiktaş"a qayıtmamaqla bağlı qərar verdiyini qeyd edib:
"Bu qərarı qəbul etmək çətin idi. "Beşiktaş" azarkeşinə mənim üçün çətin olan qərarımı açıqlamağa məcburam. Artıq bu tayı-bərabəri olmayan stadionda, super azarkeşlərin önündə və super kulbda oynamayacağam. Qərarımın səbəbi tamamilə siyasidi. Bu qərarı qəbul etməyimə idman və digər amillər səbəb olmayıb. Son günlər dəhşətverici olaylar yaşandı. Ümid edirəm ki, bu qərarımı anlayışla qarşılayacaqsınız. Burda yaşadığım gözəl günlər üçün kluba və mükəmməl azarkeşlərə təşükkür edirəm. Siyasi problemlərin ən yaxın zamanda sülh şəraitində həll olunmasını arzulayıram. Təkrar görüşmək ümidi ilə..."

Qeyd edək ki, "Beşiktaş" Qomesi "Fiorentina"dan icarəyə götürmüşdü. Ötən mövsüm Türkiyə klubunun heyətində 41 oyuna çıxan futbolçu 28 qol vurub. O, 26 qolla Super Liqanın bombardiri olub, həmçinin çempion titulunu qazanıb.
Fanat.az