Son çempionluğunu 1989/90 mövsümündə qazanan və həmin tarixidən sonra uğursuzluq zolağına dünən "Liverpul" 24 ilin ən uğurlu mövsümünü keçirdi. Çempionluq şansını son turlarda əldən verən "qırmızılar" "Çelsi" və "Kristal Palas"la oyunlardakı xal itkiləri ilə "qızıl"dan oldu. Çempion "Mançester Siti"dən 2 xal geri qalan komanda gümüş medallarla kifayətləndi.
Premyer Liqanın ilk dövrəsində sərgilədiyi uğurlu performansla bir anda çempionluq mübarizəsinə qoşulan "Liverpul" 2012-ci ildən komandaya rəhbərlik şimali irlandiyalı mütəxəssis Brendan Rocersin rəhbərliyi altında zirvəyə oynayan klublardan birinə çevirildi.
"Liverpul" sonuncu çempionluğunu qazandığı 1989/90 mövsümündə 79 xal toplamışdı. Növbəti mövsümdə aktivinə 76 xal yazan komanda ikinci olmuşdu. 24 ildə "qırmızılar" daha iki dəfə ikinci olmuşdu. 2001/02 mövsümündə "Arsenal"dan 7, 2008/09 mövsümündə "Mançester Yunayted"dən 4 xal geri qalan komanda gümüş medallara sahib çıxmışdı.
Çempionluq həsrəti
İngiltərənin ən çox çempion olan komandası adını uzun illər əlində saxlayan "Liverpul" 2000-ci illərdə 20-ci "qızıl"ını qazanan "Mançester Yunayted"dən geri düşüb. 1990-cı ildə sonuncu dəfə birinci olan komandanın azarkeşləri bu ilki performansla azarkeşlərini ümidləndirsə də, çempionluq həsrətini bitirmək arzusunu ən azı daha bir il təxirə saldı. 1970-80-ci illər aralığında 11 dəfə qızıl medallara sahib çıxan "Liverpul" düz 18 dəfə Premyer Liqanın qalibi olub.
Son həftələrdə qaçan "qızıl"
Son çempion "Mançester Yunayted"in David Moyesin rəhbərliyi altında eniş dövrünü yaşadığı mövsümdə Premyer Liqada son illərin ən gərgin mübarizəsi yaşandı. "Qırmızı şeytanlar"ın zirvədən uzaq düşdüyü mövsümdə "Mançester Siti", "Liverpul" və "Çelsi" arasında amansız mübarizə getdi.
Avropa kuboklarında mübarizə aparmayan, Federasiya Kubokunun 5-ci, Liqa Kubokunun 3-cü turunda çıxışını dayandıran "Liverpul" çempionluğa iddialılar arasında ən yaxşı təqvimə sahib olan klub idi. Bunun nəticəsində komanda son həftələrədək mübarizəni davam etdirdi. XIX turda "Çelsi"yə 1:2 hesabı ilə yenilən komanda sonrakı 16 matçda məğlub olmayaraq birincilik uğrunda mübarizə apardı.
XXXVI turda "Anfiled Road" stadionunda "Çelsi"yə 0:2 hesabı ilə yenilən Rocersin yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyasına son qoyuldu. Növbəti həftə isə daha bir zərbə "Kristal Palas"dan gəldi. Səfər matçında 3:0 hesabı ilə önə keçən "qırmızılar" meydandan 1 xalla ayrılaraq (3:3) çempionluğu "Mançester Siti"yə "hədiyyə" etdi.
100 qol həddini keçdi
Bu mövsüm Premyer Liqada 101 qola sevinən "Liverpul" 100 qol həddini keçməyi başardı. "Qırmızılar" 1992-ci ildən Premyer Liqa adı ilə keçirilən İngiltərə çempionatında bunu bacaran üçüncü klub oldu. Bundan əvvəl "Çelsi" 2009/10 mövsümündə 100 qol həddini keçmişdi. Bu mövsüm isə "Mançester Siti" eyni uğura imza atıb - 102 qol.
"Liverpul"un bu mövsüm ən çox qol vurduğu matç "Kardiff Siti"yə qarşı qarşılaşma olub. XXX turda baş tutan oyunda "qırmızılar" rəqibi 6 dəfə məyus edib. Rocersin yetirmələri 4 oyunda 5, 6 matçda isə 4 qol vurub.
"Liverpul"un uğurlarında ən böyük pay sahibləri Luis Suares və Daniel Stürridgedi. Bu iki futbolçu liqada 52 qola imza atıb. 31 qol vuran Suares Premyer Liqanın bombardiri oldu. Stürridge isə 21 dəfə fərqləndi.
Evdə məğlubedilməz...
Bu mövsüm "Anfield Road" stadionunda "Liverpul"un "biləyini bükmək" elə də asan olmadı. Komanda evdə keçirdiyi 19 matçdan cəmi 2-də məğlubiyyət acısı yaşadı. Evdə 16 qələbə qazanıb, 1 heç-heçə edən Rocersin yetirmələrini doğma arenada V turda "Sautqempton" (0:1) və XXXVI həftədə "Çelsi" (0:2) məğlub etdi.
Cerrard əskiyi tamamlaya bilmədi
İndiyədək yalnız "Liverpul" forması geyinən və futbol həyatının yaxınlaşan kapitan Stiven Cerrard karyerasındakı əskik parçanı tamamlaya bilmədi. Qırmızı forma ilə karyerası ərzində Avropada Çempionlar Liqasını, UEFA Kubokunu və Avropa Super Kubokunu, İngiltərədə Federasiya Kubokunu, Liqa Kubokunu və ölkə Superkubokunu qazanan 33 yaşlı futbolçu yalnız Premyer Liqanın qalibi ola bilməyib.
Bu mövsüm komandanın uğurlu çıxışında önəmli rol oynayan kapitan zədə səbəbindən təxminən bir ay oynmasa da, meydana çıxdığı 33 Premyer Liqa matçında 13 qol vurdu və 13 məhsuldar ötürmə etdi.
Təcrübəli futbolçunun bu mövsümlə bağlı çempionluğun itirilməsindən başqa yaddaşında qalacaq başqa bir məqam da qalacaq. Belə ki, Cerrard "Çelsi" ilə matçda ciddi səhfə yol verərək məğlubiyyətin səbəbkarlarından biri oldu. XXXVI turda baş tutan matçın ilk yarısının son dəqiqələrində ayağı sürüşən kapitan topun Demba Banın əlinə keçməsinə səbəb oldu. Seneqallı futbolçu isə bu fürsətdən yararlanaraq hesabı açdı.
Fanat.az