“Dinamo” bu mövsüm çoxlarını təəccübləndirəcək" - Cənubi azərbaycanlı məşqçi

“Dinamo” bu mövsüm çoxlarını təəccübləndirəcək" -  Cənubi azərbaycanlı məşqçi
"Dinamo" 2-ci Liqanın 6-cı turunda "Ağdaş" üzərində böyükhesablı qələbə qazanıb. Paytaxt təmsilçisi səfərdə rəqibinin qapısından 4 cavabsız top keçirib.
Bakılıların baş məşqçisi İsmayıl Vəkiliqazicahani Fanat.Az-a açıqlamasında görüşü dəyərləndirib:
"Düşünürəm ki, komandam "Ağdaş"la çox yaxşı oyun nümayiş etdirdi. İlk dəqiqələrdən etibarən hücum futbolu oynamağa, oyunu irəliyə doğru qurmağa çalışdıq. Çoxsaylı qol epizodları yaratdıq və fürsətlərdən də yaxşı istifadə etdik. Nəticədə 4:0 hesablı çox vacib qələbə qazandıq. Mənim üçün yalnız hesab deyil, komandamızın göstərdiyi oyun da çox önəmlidir. Futbolçularım yüksək motivasiya, intizam və xarakter nümayiş etdirdilər. Ümid edirəm ki, Ağdaş üzərindəki bu qələbə bizim üçün davamlı qələbələr seriyasının başlanğıcı olacaq.
Son oyunlarda komandanızın müdafiə xəttində zədələrlə bağlı problemlər var. “Marafon”la oyundan bu günə qədər üç futbolçumuz zədəli vəziyyətdə oynamaq məcburiyyətində qalıb. Üçü də müdafiə xəttinin əsas futbolçularıdır. Bu, xüsusilə gənc komandamız üçün ciddi problemdir. Düşünürəm ki, “Marafon”la oyunda müdafiədə bu problemləri yaşamamış olsaydıq və futbolçularımız tam hazır vəziyyətdə olsaydı, nəticə tamamilə fərqli ola bilərdi. Hətta həmin oyunu uduzmayacağımıza inanıram. Amma futbolda bəhanə axtarmaq olmaz. Qarşımıza çıxan problemləri qəbul edib yolumuza davam etməliyik.
Cənubi azərbaycanlı mütəxəssis “Marafon”la Sabirabadda keçirəcəkləri Azərbaycan Kuboku oyunu ilə bağlı planlarını da açıqlayıb:
"Kubokda indiyə qədər daha az oynayan futbolçularımıza şans verməyi planlaşdırıram. Hamı bilir ki, komandamız çox gənc komandadır. Bu oyunda meydana çıxacaq futbolçular isə komandamızın ən gənc oyunçuları arasında yer alırlar. Amma mən onlara tam güvənirəm. İnanıram ki, həmin futbolçular özlərinin ən yaxşı oyunlarından birini göstərəcəklər və “Dinamo”nun formasını geyinməyə layiq olduqlarını sübut edəcəklər. Mənim üçün futbolçunun yaşı əsas deyil. Əsas olan onun xarakteri, motivasiyası, intizamı və meydanda göstərdiyi futbol keyfiyyətidir. Mən bütün futbolçularıma və komandama tam güvənirəm. Keçən mövsüm də demişdim ki, bütün maliyyə problemlərinə, futbolçu çatışmazlığına və komandamızın gənc olmasına baxmayaraq, “Dinamo” gözləniləndən daha yaxşı nəticələr göstərəcək. Biz bunu meydanda sübut etdik. Bu mövsüm də eyni fikirdəyəm. “Dinamo”nun hələ çox sözü var. Qarşıdakı oyunlarda göstərəcəyimiz nəticələrin bir çox insanı təəccübləndirəcəyinə inanıram.
Məqsədimiz aydındır: oyun-oyun irəliləmək, hər matçda daha yaxşı futbol göstərmək, hər oyuna qələbə üçün çıxmaq və mövsümün sonunda “Dinamo”nu Liqa 1-ə yüksəltmək. Komandamıza inanıram. Qarşıda bizi çətin oyunlar gözləyir, amma biz heç bir problemdən qorxmuruq və bəhanə axtarmırıq. Mən futbolçularıma güvənirəm və əminəm ki, “Dinamo” bu mövsüm daha böyük nəticələr göstərəcək və çoxlarını təəccübləndirəcək".
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər