Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək komandanın adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) möhtəşəm turnirə "Rabitə"nin ev sahibliyi etməsinə qərar verib.
Bu gün qurumun Lüksemburqdakı mənzil-qərargahında yarışa ev sahibliyi etmək istəyən klubların sifarişləri nəzərdən keçirilib və “Rabitə”nin “Dördlər finalı”nın təşkilatçısı olmasını məqsədəuyğun sayıb. Beləliklə yarış martın 15-16-da Bakıda keçiriləcək.
Yeri gəlmişkən, Azərbaycan çempionu qrup mərhələsini lider kimi başa vuraraq, pley-offa yüksəlmişdi. Onlar keçirdikləri 6 oyunun hamısını qələbə ilə başa vurmuşdular. “Dördlər finalı”na ev sahibliyi isə komandamızı 1/6 və 1/3 final mərhələsindən azad edib. "Rabitə" çıxışışı Bakıda keçiriləcək yarımfinal mərhələsindən davam etdirəcək. Azərbaycan çempionunun ev sahibliyi “İqtisadçı”nın da pley-offa yolunu açıb. Komandamız ən yaxşı üçüncü yerin sahibi kimi Çempionlar Liqasında oynayacaq.
2012-ci ildə də Azərbaycan paytaxtında təşkil olunan “Dördlər finalı”nın isə bu dəfə “Bakı Kristal Hall”da baş tutacağı gözlənilir. Buna səbəb 2015-ci ildə olacaq I Avropa Oyunlarının voleybol yarışlarının məhz burada keçiriləcəyidir.
Qeyd edək ki, 2012-ci ildə ölkəmizdə keçirilən “Dördlər finalı” Bakı təmsilçisi olmadan baş tutmuşdu. Həmin vaxt Türkiyənin “Fənərbaxça” klubu Azərbaycanı kubokla tərk etməyi bacarmışdı.
Onu da qeyd edək ki, yeni ildə Bakı futzal üzrə UEFA Kubokunun "Dördlər finalı"na da ev sahibliyi edəcək.
Fanat.az