Dünən baş tutan "Simurq" - "Qəbələ" görüşünü izləmək böyük cəsarət tələb etdi. 90 dəqiqə futbola bənzəməyən "vur-qaç"a baxmaq kimi təngə gətirməyə bilərdi?
"Qəbələ"nin oyun ərzində cəmi 1 dəfə çərçivəyə zərbə endirməsi Roman Qriqorçukun yaratdığı "şedevr əsərin" əyani təzahürüdü. Nəzərə alsaq ki, həmin zərbə də meydan sahiblərinin qapıçısının düz üstünə getdi "Qəbələ"nin hücum potensialı barədə birmənalı fikir irəli sürmək olar. Bu komandanın avrokuboklardan dəm vurması həm gülünc, həm də ayıbdı. Yox-yox, söhbət nə öz, nə də bizim ayıbımızdan getmir. Söhbət elə həmin Avropa Liqası ayıbından gedir. Yuri Syomindən qalan mirasla "özfəaliyyəti"ni nümayiş etdirən ötənilki "Qəbələ"yə şükr etmək lazımdı. Çünki bu dəfə də ölkəmizi bu klub təmsil etsə, daha böyük biabırçılıq yaşayacağıq.
İndi dəbdə "Simurq"du. Yəni Zaqatala təmsilçisi bəh-bəhlə avrokubok zonasına düşməyə can atır. Ancaq gəlin görək, "Qarabağ", "İnter" və "Neftçi"yə yol yoldaşı olmaqdan dəm vuran klub qitəmiqyaslı turnirə hansı potensialla gedir? Klub prezidenti Anar Bəkirovun da etiraf etdiyi kimi, cari mövsüm çempionatın səviyyəsi aşağı düşüb. Buna səbəb kimi də "Bakı", "Xəzər Lənkəran"ın iddialarından əl çəkməsini göstərib. Çox pakizə. Ancaq Bəkirovun komandasının ortaya qoyduğu futbol (əgər buna futbol demək olarsa) elə "Qəbələ" kimi rəqibləri udmağa yetər. Biləcəridən o yana isə...
İlk yarıda vurulan qollara görə "birinci hissədə yaxşı oynadıq", demək nə dərəcədə məqsədəuyğundu? Kortəbii hava ötürməsindən sonra vurulan ilk qol lotereyada xoşbəxt biletin çıxması idi. Gəlin xatırlayaq, qoladək "Simurq"un fərqlənəciyi haqda hər hansısa bir siqnal var idi? Qətiyyən! Təhlükə yaranması üçün ilk növbədə qapıya zərbə vurulmalıdı ki, meydan sahibləri heç rəqibin cərimə meydançasına yaxınlaşa bilmirdilər. Uzaq məsafədən göndərilən hava ötürmələri isə "rəqib çaşsaydı, əla olardı" məqsədi güdürdü.
Nə qədər acı olsa da, etiraf edim ki, 4-cü Azərbaycan klubunun Avrokuboklarda nəyəsə nail olacağına inamım qalmayıb. AZAL? Bu klubun rəhbərliyi heç vaxt ciddi hədəflər arxasınca qaçmayıb. Nəyinsə və ya kiminsə xatirinə bir klub yaradıb papaqlarını günə veriblər. Bu, belə olub, belə də davam edəcək.
Bax belə. Bakı-Zaqatala-Bakı - 19 saatlıq marafon bəndənizi əmin etdi ki, 4-cü "xoşbəxt" avrokuboklarda bizi bədbəxt edəcək.
Ceyhun Əliyev