Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən "OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi"nin işçiləri işi dayandırıb. Fanat.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı özünün "Facebook" hesabında məlumat yayıb:
"OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi"nin Azərbaycan Rəspublikasındakı filialının işçiləri bu gün səhər saat 08.00 da sentyabr ayının əmək haqqının verilməməsinə görə işlərini dayandırıblar. Şirkət hal-hazırda yeni tikilən Bakı Olimpiya stadionunda fəaliyyət göstərir. Aksiya davam edir. Müdiriyyət isə işçiləri işdən qovmaqla hədələyir. Onu da qeyd edim ki, Bakı Olimpiya stadionunun tikintisində iştirak edən Bakı Yaşayış Tikinti şirkəti də işçilərin əmək haqlarını mütamadı olaraq gecikdirir. Düşünürəm ki, Əmək müfəttişliyinin bu tikinti şirkətlərinə baş çəkməsi mütləqdi. Bu şirkətin də rəhbəri səhv eləmirəmsə türkdü. Bunlar əmək qanunvericiliyini tanımaq istəmirlər?".
Mirvari Qəhrəmanlı az öncə "Facebook" səhifəsində son məlumatları paylaşıb: "Stadionda işçilər hələ də işə başlamayıb. "Tekfen" rəhbərliyi (daxili nizam intizam,tikinti təhlükəsizliyi bu şirkətə aiddi. Ümumiyyətlə, stadion tikintisində ARDNŞ, "Tekfen" və "Heerim" şirkətləri iştirak edir) onların nümayəndəliyi ilə otaqda görüşmək istədi. İşçilər razı olmadı. Rəhbərlik söz verdi ki, əmək haqları sabah ödəniləcək".
Fanat.az