Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna birbaşa çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün inşası davam etdirilir. Fanat.az xəbər verir ki, tunelin uzunluğu yanaşma yolları ilə birlikdə 510 metr, qapalı hissəsi 53,4 metr, eni isə 34,2 metr olacaq.
“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, 6 hərəkət zolağından ibarət olacaq tunel tipli yolötürücüsünün svay-qazma işləri yekunlaşıb. Qapalı hissədə isə dəmir-beton tirlərin quraşdırılması davam etdirilir. İstinad divarlarının 40 faizi, yanaşma yollarında qazıntı işlərinin 65 faizi başa çatdırılıb.
Tunel nəqliyyat vasitələrinin Olimpiya stadionu ərazisinə maneəsiz və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yollarına çıxışa imkan verəcək.
AzərTAc