Azərbaycanla bağlılığı olan mafioz italyan klubunu alır

Azərbaycanla bağlılığı olan mafioz italyan klubunu alır

Azərbaycanın ən iri bankı olan Beynəlxalq Banka 75 milyon avro kredit borcu olan alban neft maqnatı, Balkanların ən iri mafiozlarından biri kimi tanınan Rezart Taçi İtaliyanın “Parma” futbol klubunu almaq üçün danışıqlar aparır. Virtualaz.org xəbər verir ki, bu barədə Balkan KİV-ləri yazıb. 

Xəbərə görə klubun səhmlərinin alqı-satqısına dair “Parma” prezidenti Tomazzo Girardi ilə Rezart Taçi arasında danışıqlar ötən həftə olub. Bildirilir ki, Taçinin rus partnyoru da “Parma”nın alınmasına dair sövdələşmədə onunla ortaq olmağa hazırlaşır, lakin onun adı açıqlanmır.

Rezart Taçinin adı bu günlərdə Tirana məhkəməsinin Azərbaycana aid offşor şirkətin yerli bank hesabına həbs qoyması xəbərinə görə gündəmə gəlib. Məhkəmənin qərarına əsasən AMRO neft şirkətinin alban banklarındakı 24.5 milyon avroluq hesablarına həbs qoyulub. Şirkətin səhmlərinin sahibi Azərbaycandan olan və Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “Heaney Assets Corporation” şirkətidi.

AMRO əvvəllər Albaniyanın dövlət mülkiyyətində olub və ölkənin yeganə iri neftayırma zavodunun sahibidi. 2008-ci ildə şirkət özəlləşdirilib, onun səhmlərinin 85 faizini “Anika Mercuria Refinery Associated Oil” adlı şirkət alıb, qalan hissəsi Albaniya hökumətində qalıb.

2013-cü ildə isə şirkətin mülkiyyətçisi yenidən dəyişib. Həmin ilin avqustunda şirkətin mülkiyyətçisinin dəyişdiyi barədə Albaniyanın milli qeydiyyat Mərkəzinə verilib. Bu məlumata əsasən şirkətin əvvəlki sahibi Rezart Taçi AMRO-nu tərk edib, onu Fation Veizaj əvəzləyib.

Həmçinin şirkətin müşahidə şurasının üzvləri dəyişdirilib və yeni üzvlərin adları bunlardır: İbrahim Nastopalli, Lourens Stroç, Abe Halati və Erinda Ballanca.

Həmin sövdələşməyə əsasən şirkətin səhmlərinin 80 faizini Azərbaycandan olan “Heaney Assets Corporation” şirkəti əldə edib. “Heaney Assets Corporation” şirkətin sahiblərinin adları məlum deyil, ancaq şirkət Britaniya Virgin adalarında offşor zonada qeydiyyatdan keçib.

Balkan mediasından əldə olunan məlumatlara görə, şirkətin mülkiyyətçisi dəyişməzdən əvvəl də AMRO-nun Azərbaycanla bağları olub. Belə ki, AMRO Azərbaycan Beynəlxalq Bankından 75 milyon avro borc alıb. Bildirilir ki, Rezart Taçi 2008-ci ildə şirkəti özəlləşdirərəkən bankdan həmin məbləği götürüb və qaytara bilməyib. AMRO şirkətinin “Heaney Assets Corporation”a satılmasından sonra onun müşahidə şurasında yer alan Erinda Ballanca isə Azərbaycan Beynəlxalq Bankının Rezart Taçiyə qarşı 75 milyon avroluq iddiasında bankın maraqlarını təmsil edib. Bu fakt onu göstərir ki, Taçi Azərbaycan Beynəlxalq Bankına olan borclarını qaytara bilmədiyi üçün aktivlərini bu banka verib.

Balkan mediası yazır ki, Taçinin İtaliya futboluna marağı yeni deyil. 2009-cu ildə o, “Bolonya”nı almağa cəhd edib. 2011-2013 mövsümündə isə “Milan”ın sponsorlarından biri olub. Həmin il, yəni 2012-ci ildə Tirana məhkəməsi Taçinin Azərbaycan Beynəlxalq Bankına olan 75 milyon avroluq borcunu qaytara bilmədiyi üçün bankın iddiası əsasında onun aktivlərinə həbs qoyub.

Rezart Taçi Albaniyanın baş naziri Sali Berişanın yaxın ətrafına daxildi və bu ölkədə dövlət aktivlərini su qiymətinə özəlləşdirib varlanan taçilər klanının nümayəndəsidi. Azərbaycan Beynəlxalq Bankından iri məbləğdə kredit alandan sonra Taçinin barəsində Albaniya hüquq-mühafizə orqanları cinayət işi qaldırıb. O, 15 milyon avro həcmində vergidən yayınmaqda, çirkli pulların leqallaşdırılmasında və maliyyə maxinasiyalarında ittiham olunurdu. Həmçinin Rezart Taçinin atasına və bacısına qarşı da eyni ittihamlar irəli sürülüb. 

Albaniyada nəşr olunan qəzetlərdən biri Taçilər klanının mafioz əməllərindən, onun silah və narkotik qaçaqmalçılığı ilə məşğul olmasından yazandan sonra 2009-cu ildə bu qəzetin redaktoru Mere Baze Tiranada Rezart Taçinin mühafizəçiləri tərəfindən qəddarlıqla döyülüb. Bu hadisəyə görə neft maqnatı saxlanılsa da qısa müddət sonra baş nazir Sali Berişanın sayəsində azad edilib. Başqa sözlə, Azərbaycan Beynəlxalq Bankının keçmiş ortağı Rezart Taçi kifayət qədər qaranlıq və şübhəli imicə malik biznesmendi, “mafioz” kimi tanınır və onun Azərbaycanın ən iri bankiri ilə necə ortaq olması xeyli müəmmalıdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər