"Azərbaycanda stolüstü tennisin son illərdə qazandığı uğurlar təsadüfi deyil".
Fanat.Az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Stolüstü Tennis Federasiyasının təmsilçisi Yevgeni Timçenko deyib.
Qazaxıstanlı mütəxəssis Bakıda keçirilən seminar, yaradılan şərait, məşqçi və idmançıların hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bölüşüb:
"Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm. Təlimlərin uğurlu alınması üçün bütün lazımi şəraiti yaradıblar. Heç bir problemlə üzləşmədik. Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir. Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailiyyətlər qazanacağına inanıram".
Qeyd edək ki, oktyabrın 1-də başlanan seminar oktyabrın 10-da yekunlaşacaq.