Azərbaycan çempionatının I divizionunda dünən XXIII cü turun görüşləri keçirilib. Fanat.az хəbər verir ki, həmin oyunlardan birinin nəticəsi əvvəlcədən müəyyənləşdirilib.
Futbolinfo.az saytının “Bakılı” - “Göyəzən” matçından az öncə əldə etdiyi məlumata görə, qarşılaşma ölkə xaricindəki kontorlardan birində canlı mərcə qoyulub. Ümumiyyətlə, öncədən razılaşdırılıb ki, birinci hissədə qonaqlar, oyunun yekununda isə “Bakılı” qalib gəlsin. Belə nəticəyə pul qoyuluşunun misli isə 25.00-ə bərabər olub.
Hər şey plana uyğun gedib. Belə ki, artıq 7-ci dəqiqədə “Göyəzən” hesabı açıb. “Bakılı” ilk yarıda hesabı bərabərləşdirmək üçün heç bir cəhd göstərməyib. İkinci hissədə isə vəziyyət dəyişib. 60-75-ci dəqiqələrdə iki qol vuran "Bakılı" qələbə qazanıb - 2:1.
Oyundan sonra futbolinfo.az-a açıqlama verən "Göyəzən"in baş məşqçisi Elxan Muradov iddiaları təkzib edib: "Bunun "Bakılı"ya və ya bizə nə dəxlisi var. Biz tərəfdən belə şey olmaq ehtimalı mümkün deyil. Ola bilməz. Gördüyünüz kimi, imkanları dəyərləndirsəydik, hər şey başqa cür ola bilərdi. Bəlkə də, "Bakılı" nəsə edib. Bunun bizə dəxli yoxdu. Onların da nəsə edəcəyinə inanmıram".
"Bakılı"nın müvəqqəti olaraq baş məşqçisi vəzifəsini icra edən Təhmiraz Rzayevin açıqlaması da həmkarından fərqlənməyib: "Kim deyirsə, yalan deyir. Şayiədi. Yenə deyirəm, ola bilər ki, komanda ilk hissədə pis oynasın, ikinci yarıda isə tamamilə oyunu dəyişə bilər".
Fanat.az