Qadın voleybolçulardan ibarət 2015-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, püşkdə Azərbaycan yığmasının da rəqibləri müəyyələşib.
Milli komandamız mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Faiq Qarayevin yetirmələri Avropa çempionatına vəsiqə uğrunda D qrupunda mübarizə aparacaq. Yığmamız bu qrupda Yunanıstan, Bolqarıstan və Portuqaliya ilə yarışacaq.
Qeyd edək ki, seçmə mərhələlərdə 32 komanda mübarizə aparacaq və onlardan 9-u Avropa çempionatının final mərzələsinə vəsiqə qazanacaq. İlk təsnifat mərhələsindən sonra 4 milli mübarizəni dayandıracaq. Ardınca II təsnifat mərhələsində qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcək. Qrupda ikinci olacaq millilər isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər.
Qrup mərhələsi həmişəki kimi 2 mərhələdən ibarət olacaq və 2014-cü ildə mayın 22-də start götürəcək. Həmin ayın 25-də bitəcək oyunlar 4 gün sonra yenidən olacaq. İyunun 1-də isə komandaların qrupdakı taleyinə aydınlıq gələcək. Artıq meydan sahibləri - Belçika və Hollandiya, həmçinin son Avropa çempionatının ilk “beşliyi”ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, eyni zamanda İtaliya (apennilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib) artıq 16 komandanın mübarizə aparacağı yarışa vəsiqə qazanıb.
I təsnifat mərhələsi
I qrup: İsveç, Gürcüstan, Latviya, Norveç
II qrup: Çernoqoriya, Bosniya və Hersoqovina, Estoniya, Litva
II təsnifat mərhələsi
A qrupu: Türkiyə, Belarus, Finlandiya, Danimarka
B qrupu: Polşa, Ukrayna, İsveçrə, I qrupun ikincisi
C qrupu: Çexiya, İspaniya, Sloveniya, II qrupun ikincisi
D qrupu: Bolqarıstan, Azərbaycan, Yunanıstan, Portuqaliya
E qrupu: Fransa, İsrail, Macarıstan, I qrupun birincisi
F qrupu: Rumıniya, Slovakiya, Avstriya, II qrupun birincisi
Fanat.az