Yaşar Seyidov: "Əziz "Bakı"da oynaya bilməz"

Yaşar Seyidov: "Əziz "Bakı"da oynaya bilməz"

Əziz Quliyev yenidən "Bakı"ya dönüb. Qışa qədər "Rəvan"a icarəyə verilən futbolçunun sabiq komandasına qaytması ilə bağlı müəyyən xəbərlər yayılıb. İddialara görə, "Bakı"nın müdafiə xəttində yaranan problemlər futbolçunun geri qaytarılması ilə nəticələnib.

Elnur Allahverdiyevin saxta transferindən sonra belə bir olayın yaşanması əslində bizim üçün sürpriz deyildi. Hər halda, sentyabrın 17-dək transfer vərəqi özündə olmayan futbolçunun saxta sənədlərlə keçidi reallaşdırılan ölkədə hər nə desən olar. Hətta Əzizin 3-cü turda "İnter"ə, 5-ci turda "Sumqayıt"a qarşı oynaması, sentyabrın 13-də keçirilən "Qarabağ"la VI tur oyununda ehtiyat oyunçular skamyasında əyləşməsi də saxtakarlığın qarşısını ala bilməz.

"Rəvan"ın mətbuat katibi Elvin Yaqubovun "Futbol+" qəzetinə açıqlaması da iddiaların doğruluğunu göstərirdi: "Əziz Quliyev artıq bizdən ayrılaraq "Bakı"ya qayıdıb. O, bizim klubda icarə əsasında çıxış edirdi. İcarə müqaviləsinin müddəti isə qışa qədər idi. Lakin iki klub arasında imzalanan anlaşmada belə bir bənd var ki, hər hansı fors-mojor hadisə yaşansa, futbolçu yenidən sabiq klubuna dönə bilər. Bu üzdən Əzizin "Bakı"ya qayıtmasında heç bir qanun pozuntusuna yol verilməyib".

Bütün bunları dəqiqləşdirmək üçün Yaşar Seyidovla əlaqə saxladıq. "Bakı"nın icraçı direktoru Fanat.az-a açıqlamasında Quliyevin bu klubda oynamasının mümkün olmadığını söylədi: "Əziz Quliyev "Bakı"da oynaya bilməz. Bu halda klubumuza texniki məğlubiyyət verilə bilər. Çünki onun adı artıq başqa klubun sifariş ərizəsinə salınıb. Belədə, futbolçu sifariş etmək hüququmuz yoxdu. Əzizin "Rəvan"dan niyə ayrıldığından, bu komandanın heyətində möhkəmlənə bilməməsinin səbəbindən xəbərsizəm. Sadəcə, futbolçumuz klubsuz qalmasın deyə komandaya qaytardıq. O, qışa qədər nəinki "Bakı"da, heç bir klubda oynaya bilməz. Bu müddətdə yalnız komandamızla məşq etməklə kifayətlənəcək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər