Azərbaycan millisinin və "Boavişta" klubunun futbolçusu Emin Mahmudov dünən Portuqaliya Premyer Liqasında ilk qolunu vurub.
O, "Nasional"la oyuna ilk dəfə start heyətdə çıxıb və 11-ci dəqiqədə komandasının hesabı açmasına səbəb olub. Bu isə o deməkdir ki, Emin Mahmudov Vəli Qasımovdan sonra qol vuran 2-ci azərbaycanlı olub.
Qeyd edək ki, "Nasional" - "Boavişta" matçında (0:2) millimizin qapıçısı Kamran Ağayev 90 dəqiqə meydanda olub. Emin isə zədələndiyi üçün 62-ci dəqiqədə Fabiu Eşpinyu ilə əvəzlənib. Maraqlıdır ki, bu matçda "Boavişta"nın heyətində yeganə sarı vərəqə alan futbolçular da azərbaycanlılar olub. Emin 39, Kamran isə 68-ci dəqiqədə baş hakim Juan Pedru Pineyru tərəfindən cəzalandırılıb. Sonda onu da bildirək ki, ötən mövsüm "Zirə" klubunda çıxış etmiş Salvador millisinin hücumçusu Nelson Bonilya II hissədə "Nasional"ın heyətində meydana çıxsa da, qapıçımıza qol vura bilməyib.
Fanat.Az