"İnter"in və Gürcüstan milli komandasının baş məşqçisi Kaxaber Tsxadadze hər iki ölkənin futbol millisi ilə üz-üzə gələcək Malta yığması barədə fikirlərini bildirib. Fanat.az report.az-a istinadən xəbər verir ki, gürcü mütəxəssis martın 25-də keçirəcəkləri qarşılaşmada diqtə edən tərəf olacaqlarını açıqlayıb.
47 yaşlı mütəxəssis bunu rəqibin ehtiyatlı oynaması ilə əlaqələndirib: "Maltanın oyununu görmüşəm. Bilirəm ki, rəqib ikinci nömrəylə çıxış edir və kollektiv oyuna üstünlük verir. Bu səbəbdən, yoldaşlıq görüşündə aparıcı qüvvəni biz təşkil etməliyik. Standart vəziyyətlərə də diqqət yetirməliyik".
Malta martın 25-də Tiflisdə Gürcüstan yığması ilə yoldaşlıq görüşündə, martın 28-də isə Bakıda Azərbaycan millisi ilə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcək.
Tsxadadze "İnter"dəki mükafatlandırma sistemini yığmada da tətbiq edəcək. O, bildirib ki, futbolçulara hər qələbə üçün deyil, mövsümün sonundakı uğur qarşılığında mükafat verilməlidi: "Gürcüstan yığmasında futbolçularla mükafat haqda söhbət etməmişəm. Mən "İnter"də işə başladıqda hər qələbə üçün təyin olunmuş mükafat sistemini ləğv etdim. Əvəzində mövsümlük mükafat verməyi qərara aldıq. Fikrimcə, bu, daha düzgün addımdı".
Fanat.az