Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fabrizio Romano, futbol insayderi: MLS klubları 2021-ci ilin iyul ayından etibarən Serxio Busqetslə maraqlanır. O, "Barselona"da qalmaq istədiyi üçün gözləmək və ilkin təklifləri rədd etmək qərarına gəlib.
Matteo Moretto, idman jurnalisti: "İnter Mayami" artıq iki dəfə Busqetsi almağa cəhd edib, lakin Serxio ilə vidalaşmaq hələ tezdir. Plana görə, o, daha bir il qalmalıdır. Müqavilə 2023-cü ilin iyununda başa çatır.
"Superdeporte" nəşri: "Liverpul" Marko Asensioya sərfəli təklif edib. Söhbət onun "Real Madrid"də aldığı hazırkı maaşın ikiqat artırılmasından gedir.
"Sky Germany" nəşri: "Sevilya"nın və Fransa millisinin müdafiəçisi Jül Kundenin nümayəndələri "Çelsi", "Real Madrid" və "Barselona" ilə danışıqlar aparır. Bu klubların hər birinin fransalı futbolçunu yayda transfer etmək şansının olduğu deyilir.
"The Telegraph" nəşri: London “Çelsi”sinin yarımmüdafiəçisi Nqolo Kante yayda klubu tərk edə bilər. PSJ klubu Fransa millisinin oyunçusuna ciddi maraq göstərir.
"Bild" nəşri: Robert Levandovski "Bavariya"nın müqaviləni yeniləmək istəyi ilə bağlı: "Bunu ilk dəfədir eşidirəm"
"The Athletic UK" nəşri: Marselo Bielsanın "Lids Yunayted"in baş məşqçisi vəzifəsini tərk edəcəyi gözlənilir. Onu əvəzləmək üçün aşkar favorit Cessi Marşdır.
Emin Şəmsiyev