Azərbaycan tarixinin ən miqyaslı tədbirinin açılışında azərbaycanlı olduğumdan nə qədər qürur duyduğumu sözlə ifadə edə bilməyəcəm. Həm açılışda, həm də iştirak etdiyim yarışlarda yerli idmançılar hər dəfə himnimizi səsləndirəndə məni qəhər boğurdu… Yarışın Bakıda keçirilməsi, tarixin Azərbaycanda yazılması sonda komanda hesabında legionerli və ya legionersiz neçənci yeri tutmağımızdan qat-qat önəmlidi. Biz onsuz da qalibik! Avropa oyunları tarixinin möhürünü Azərbaycan vurdu!
Legionerlərimizin qələbələrinə o qədər də sevinə bilmirəm. Legionerlərsiz Azərbaycan idmanı çoxdankı arzudu. Elvin Məmişzadənin “qızıl”ı qalan bütün legioner boksçuların medallarının cəmindən daha dəyərli, Rəsul Çunayevin “qızıl”ı bütün legioner güləşçilərin medallarının cəmindən daha doğma, görmə qabiliyyəti olmayan Səbinə Abdullayeva ilə Zakir Mislimovun medalları Azərbaycanı təmsil edən bütün legionerlərin qazandıqları medallardan daha əzizdi. Güləş kimi ənənəvi, tarixən güclü olduğumuz milli idman növlərində legioner görmək xüsusən üzücüdü. Doğrudanmı bizdə deyək ki, Saman Təhmasibidən güclü güləşci yoxdu? Təbii ki, var! Konkret halda Samanla eyni çəkidə yarışan ve Avropa oyunlrının son günü gənclər arasında növbəti defe Avropa çempionu olan Islam Abbasov. O zaman niyə Azərbaycanda Elnur Məmmədli, Toğrul Əsgərov, Nazim Hüseynov, Namiq Abdullayev yetişdirməyə ən azı legionerlər gətirmək qədər önəm verilmir? Bu ayrıca yazının və araşdırmanın mövzusudu.
Avropa Oyunlarının pozitiv məqamları, heç şübhəsiz, daha çoxdu. Məsələn, paracüdonun yarış proqramına salınması. Gec-tez bəşəriyyət qəbul edəcək ki, Olimpiya və Paralimpiya Oyunları bərabər keçirilməlidi, çünki sağlamlıgında problem olanlar qalan insanlardan seçilməməlidi və onda bunun da təməlinin Azərbaycanda qoyulduğu qürurla yada düşəcək. Bayaqdan kumirim İlham Zəkiyevin adını çəkmirəm. Bu şəxsiyyətə layiq şəkildə nəsə yazmaq səviyyəsində hiss etmirəm özümü. Onun haqda yazmağa bütün qələmlər acizdi. Bu adamın yaşamı tam bir “Oskar”lıq filmin ssenarisi. Avropa Oyunlarında iki dəfə göz yaşlarıma hakim ola bilməmişəm - açılışda İlham Zəkiyevi məşəllə görəndə və onun şərəfinə himn səslənəndə. Dünyasını dəyişməyən hansı azərbaycanlının Milli Qəhrəman adına layiq olduğunu soruşsalar, düşünmədən onun adını çəkərəm. İnanıram ki, cənab Prezident İlham Əliyevə bu haqda müraciət artıqdı, gec-tez adaşını layiq olduğu bu zirvəyə də çatdıracaq. Hələlik İlham Zəkiyev qəlblərin Milli Qəhrəmanıdı. Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəndən sonra məni düşündürən suallardan biri də budu ki, bizə İslam Oyunları lazımdımı? Bundan sonra Azərbaycan İslam Oyunları, yoxsa Yay Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı, ən pis halda futbol üzrə Çempionlar Liqasının finalını keçirmək haqda düşünməlidi? Hollandiyanın son anda sırf siyasi motivlərlə ikinci Avropa Oyunlarının evsahibliyindən imtinası bu tarixi olaya, bu möhtəşəm təşkilatçılığa kölgə sala bilməyəcək.
Telekanallarda yeri gəldi-gəlmədi Prezidentə və birinci xanıma ardı-arası kəsilməyən yaltaqlanmalarla insanlar özlərini gülünc və şəxsiyyətsiz vəziyyətə salır. Avropa Oyunları ilə bağlı həm Prezident İlham Əliyev, həm də bu yarışa könül verən ailə üzvləri, eyni zamanda bu yarışda əməyi keçən hər kəs - bütöv Azərbaycan ailəsi ən xöş sözlərə layiqdi. Ölkəmiz möhtəşəm təşkilatçılığı ilə bunu haqq etdi. Əminəm ki, bu möhtəşəm tədbir bitəndən sonra da Avropa Oyunlarına görə ölkəmiz haqda bu söz hələ çox deyiləcək - təşəkkürlər, Azərbaycan!
ANAR ŞABANOĞLU
"Futbol +" qəzeti