Şəffaflıq çatışmazlığı "Kəpəz"i necə təhlükəyə atır? - AFFA müdaxilə etməsə...

Şəffaflıq çatışmazlığı "Kəpəz"i necə təhlükəyə atır? - AFFA müdaxilə etməsə...

"Kəpəz"in son turda “Karvan-Yevlax” üzərində qazandığı 2:1 hesablı qələbə azarkeşlərini sevindirsə də, bu nəticə klub daxilindəki ciddi problemləri və arxa planda gizlənən acı reallıqları dəyişmir. Mövsümün bu vaxtında belə ciddi problemlərin hələ də qalması göstərir ki, məsuliyyət təkcə klub rəhbərliyinin deyil, həm də sponsorun üzərinə düşür. Onlar azarkeşlər, futbolçular, həm də klubun gələcəyi qarşısında cavabdehdirlər. Qələbə yalnız bir oyunluq sevincdir, çünki komandanın gələcəyi ilə bağlı vəziyyət nəinki qeyri-müəyyəndir, hətta böhran həddinə çatıb. Klubun hazırkı durumu təkcə cari nəticələrə deyil, həm də uzunmüddətli sabitliyə təsir göstərə biləcək qədər həssasdır və proseslərin necə inkişaf edəcəyi hələlik açıq qalır.

Mövsüm başlamamışdan əvvəl “Kəpəz”də maliyyə və idarəçiliklə bağlı narahatlıqlar artıq açıq şəkildə üzə çıxmışdı. Klubun büdcəsinin talan olunması, fərdi maraqlara xidmət edən anlaşmalar və mediada yayılan “transfer cinayəti” iddiaları azarkeşlər arasında ciddi narahatlıq yaratmışdı. Bu problemlər yalnız oyun planı və nəticələrlə bağlı yox, həm də klubun idarə olunma prinsiplərinə dair suallar doğurur.

Daha mürəkkəb məsələ isə sponsorlarla bağlı vəziyyətdir. “Kəpəz”ə maliyyə dəstəyi verməli olan sponsorlar əksinə, klubun xeyrinə deyil, öz maraqlarına xidmət edən addımlar atırlar. Xüsusilə, Fərman Əlizadənin klub rəhbərliyində təmsil olunması və eyni zamanda “Agrosport” şirkətinin rəhbərlik etməsi diqqət çəkir. Maraqlıdır ki, “Agrosport” AFFA-nın sabiq baş katibi və vitse-prezidenti Elxan Məmmədovla yaxınlığı ilə tanınır. Sözügedən şirkət 2015-ci ildən etibarən AFFA-nın balansında olan stadionlar və himayəsində olan klublarla karlı xidmət müqavilələri bağlayıb.

Hazırda “Agrosport” “Kəpəz”in iki təbii məşq meydanına xidmət göstərir və bildiyimiz qədər, klub bu xidmətlər üçün aylıq samballı ödəniş edir. Burada açıq sual yaranır: Fərman Əlizadə klub rəhbərliyində təmsil olunmaqla “Kəpəz” üçün hansı real faydanı təmin edir, yoxsa əksinə, klub onun şirkətinə maliyyə qazandırır? Qeyd olunan aylıq xidmət haqqı heç də kiçik məbləğ deyil və klubun mövcud maliyyə vəziyyətini nəzərə alsaq, bu, ciddi narahatlıq doğurur. “Kəpəz”ə də digər klublarımız kimi dövlət tərəfindən illik 2,5 milyon manat maliyyə yardımı ayrılır. Bu məbləğ təyinatı üzrə xərclənərsə, Azərbaycanda futbolun inkişafı üçün kifayət qədər normal vəsaitdir. Üstəgəl, klubun himayədarı Adil Vəliyev və sponsorluq müqaviləsi bağladığı "UniBank" da mövcuddur. Belə bir şəraitdə Gəncə təmsilçisinin maliyyə durumunun bu qədər çətin olması suallar doğurur: "UniBank" “Kəpəz”ə hansı dəstəyi verir? Bəlkə, əksinə, klubun maliyyəsi bankın dövriyyəsinə daxil olur və banka gəlir gətirir? Maraqlıdır ki, Fərman Əlizadənin adı "sarı-göylər"in "UniBank"la sponsorluq müqaviləsində vasitəçi kimi də hallanır.

Bütün bu məsələlər yalnız büdcə problemlərini deyil, idarəetmədəki maraq toqquşmalarını, şəffaflıq çatışmazlığını və uzunmüddətli planlaşdırma boşluqlarını da üzə çıxarır. Klub daxilində belə maraqların və maliyyə anlaşmalarının davam etməsi azarkeşlər və futbol ictimaiyyəti üçün “Kəpəz”in gələcəyi ilə bağlı ciddi narahatlıq yaradır.

Əgər bu şəffaflıq və maliyyə problemləri həll olunmasa, klubun yaxın perspektivi yalnız oyun nəticələrindən asılı olmayacaq, həm də idarəçilik və maliyyə vəziyyətindən ciddi şəkildə təsirlənəcək. Bu mənzərə "Kəpəz"in turnir cədvəli ilə yanaşı, struktur və maliyyə sabitliyində üzləşdiyi problemlərin də nə qədər dərin olduğunu göstərir.

Gəncə klubunda problemlər çoxşaxəlidir. Hər birini qabardanda, digərləri corab söküyü kimi ard-arda ortaya çıxır. Yuxarıda sadalanan problemlər  AFFA-nın müdaxiləsinin vacibliyini gündəmə gətirir. Milli assosiasiya vəziyyətə ciddi şəkildə nəzarət etməsə, “Kəpəz”də sular durulmayacaq. Yəni maliyyə, idarəçilik və şəffaflıq problemləri daha da dərinləşəcək.

Bəziləri sual edə bilər: AFFA-nın klubun işinə müdaxiləsi nə dərəcədə doğrudur? Lakin real vəziyyət göstərir ki, dövlət tərəfindən ayrılan 2,5 milyon manatlıq maliyyə yardımının təyinatı üzrə xərclənməsinə nəzarət birbaşa AFFA-nın üzərinə düşür. Bu vəsait yalnız Azərbaycan futbolunun inkişafına, yerli uşaqların və istedadlı gənclərin yetişdirilməsinə sərf olunmalı, legionerlərə, şirkətlərarası maxinasiyalara və şəxsi maraqlara yönəlməməlidir. Yoxlanmalı, araşdırılmalı və şəffaflıq təmin edilməlidir ki, həm “Kəpəz”, həm də digər klublar üçün ayrılan vəsait həqiqətən Azərbaycan futbolunun inkişafına xidmət etsin.

Əli Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər