"Sabah"dan ayrılan Marko Deviçin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Ukrayna millisinin sabiq futbolçusu karyerasını Serbiyada davam etdirəcək. Belə ki, serb əsilli forvard Super Liqada çıxış edən "Vojdovats"a keçib. 36 yaşlı futbolçu 2004-2005 mövsümündə də bu komandanın formasını geyinib.
Qeyd edək ki, ötən mövsüm "Sabah"da çıxış edən Deviç Premyer Liqada 21 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib. O, ailə vəziyyəti ilə əlaqədar paytaxt təmsilçisindən ayrılıb.
Deviç karyerası ərzində Serbiyanın "Zvezdara", "Jeleznik", "Radniçki", "Vojdovats", Ukraynanın "Volın", "Metallist", "Şaxtyor", Rusiyanın "Rubin", "Rostov", Qətərin "Əl-Rayan" və Lixtenşteynin "Vaduts" klublarının formasını geyinib. O, 2007/2008 mövsümündə Ukrayna Premyer Liqasının bombardiri olub.
Fanat.Az