Sabah "Qarabağ"lı, cümə axşamı "Neftçi"li...

Sabah "Qarabağ"lı, cümə axşamı "Neftçi"li...

İstəyərdik bu gün dörddən danışaq... İkisi getdi, ikisi qaldı... Daxili birincilikdə son illər sabitliyi qoruyanlar və uyğun bildiyi cığırla uğura doğru inamla irəliləməyin yolunu tapanlar hələ “silahı yerə qoymayıb”. Təbii, söhbət avrokuboklarda çıxışını sürdürən “Qarabağ” və “Neftçi”dən gedir.  

Hə, ilk dəfə qatıldığı Çempionlar Liqasının ilkin təsnifat mərhələsini asanlıqla adlayan Ağdam təmsilçisi adıyla çoxlarının ürəyinə vəlvələ salmış “Zalsburq”la üz-üzə gələcək. Adolf Hütterin komandasının “çəki”si hamıya bəllidi. “Qarabağ”ın bu rəqibi son mövsümü “qızıl dubl”la tamamlamış kollektivdi. Ötən mövsüm Avroliqanın qrupundakı əla çıxışını da gördük adlı-sanlı “Ayaks”ın qapısından iki oyunda 6 top keçirdiyini də... Ancaq bu faktlar belə, “qırmızı buğalar”ın “köhlən atlar”ı mübarizədən kənarlaşdıracağını əminliklə söyləməyə əsas vermir.  Axı “Qarabağ” da “böyüyüb”, “artırıb”, favorit olmadığı matçlarda azarkeşlərini sevindirə bildiyini indikindən zəif heyətlə bir deyil, bir neçə dəfə isbatlayıb. Kim deyir ki, ilk baxışdan şansı daha çox görünən sonda gülən tərəf olur? Yaxşı psixoloji hazırlıq, güclü azarkeş dəstəyi, bir qədər də bəxt sayəsində “Zalsburq”un ağlına gəlməyəni başına gətirmək mümkündü. Mərkəzi arenada sabah start fiti veriləcək oyunun final fiti səsləndirilənə qədər inanmaq lazımdı. “Köhlən atlar”ı dəstəkləmək üçün “Tofiq Bəhramov”un tribunalarında olacaq hər tərəfdarın səsində zəfər qoxusu duyulmalıdı.  Ölkəsinin komandasını uğura daşımağı bütün azarkeşlər qarşısına məqsəd qoymalı, “Qarabağ”la səs-səsə, çiyin-çiyinə bu görüşü qazanmalıdı!

Evdə gözlənilmədən özündən zəif Sloveniya “Koper”inə uduzan flaqmanın rəqib meydanında özünü ev yiyəsi kimi aparacağına, 2 cavabsız qol vurub evə alnıaçıq qayıdacağına da güman az idi. Zaman futbolun gümanlar və təxminlər oyunu olmadığını sübuta yetirmədimi? Sonadək ümidini itirməyən,” haqq etmədiyi tikəni meydan sahiblərinin udlağından çıxaran” bakılılar adının ağırlığının altından çıxmadımı? Bu gün artıq “Hacıyev mərhələni adlasalar da, istefa verəcəyini demişdi, niyə getmədi”, “Tahir Süleymanov hansı haqla yenidən vitse-prezident postuna qayıtdı” suallarını gündəmə gətirmək yaxşı nəsə vəd etmir. Qitəmiqyaslı yarışlarda qazanılan nəticələrə, ölkənin adının önünə UEFA-nın əmsallar cədvəlində yazılan hər 0,250-yə (qələbəyə verilən əmsal) ürəkdən sevinməyən adını futbolsevər və ya qərəzsiz futbol yazarı qoya bilməz. Kimsə Hacıyevin “kreslosunun laxlamasını” arzulayırsa, başqası Süleymanovun işiylə rəsmən vidalaşmasını hər gecə yuxusunda görüb sayaqlayırsa, öz işidi. Daxili birincilikdə bitərəfliyini qorumağa borclu olan həmkarlarımız isə sabah “Qarabağ”lı, cümə axşamı “Neftçi”li olsa, yaxşıdı. Azərbaycan futbolu naminə! Bütün çatışmazlıqlara, xoşagəlməz hallara rəğmən, fərqli düşünən bizlərdən deyil!

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər