Rumın əfsanə "Qəbələ"dən imtina etdi

Rumın əfsanə "Qəbələ"dən imtina etdi
"Qəbələ"nin baş məşqçi postuna namizədlərdən birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, 4 nəfərlik siyahıda Dorinel Muntyanunun da adı olub.
"Qəbələ"nin vitse-prezidenti rumın mütəxəssislə İstanbulda görüşərək, danışıqlar aparıb. Lakin Rusiyanın "Kuban" klubundan ayrılan Muntyanu ilə razılıq əldə olunmayıb. Hazırda "Qəbələ"nin baş məşqçi postuna iki namizəd var.
Qeyd edək ki, futbolçu karyerası ərzində Rumıniya, Belçika və Almaniya klublarında oynamış Dorinel Munteanu 2009-cu ildə yaşıl meydanlarla vidalaşıb. Bu müddətdə o, iki dəfə Rumıniya çempionluğunu və bir dəfə Balkan Kubokunu qazanıb, 134 dəfə milli komandanın formasını geyinib və 16 qol vurub. 
Muntyanu məşqçiliyə futbolçu karyerasını bitirmədən - 2005-ci ildən başlayıb. O, 2005-2009-cu illərdə ÇFR, "Argeş", "Vasluy", "Universitatea" (Kluj) və "Styaua"da oynayan-məşqçi olub. 45 yaşlı mütəxəssisin məşqçi kimi ən uğurlu dönəmi "Otselul"da olub. Belə ki, 2009-2012-ci illərdə Qalati klubuna başçılıq edən Muntyanu komandanı Rumıniya çempionu və Superkubokunun qalibi edib. Beləliklə, "Otselul"un tarixində ilk və hələlik sonuncu dəfə çempionluğu, həmçinin Superkuboku qazanıb.
Muntyanu 2012-ci ildə Buxarest "Dinamo"sunu, 2012-2013-də Rusiyanın "Mordoviya", 2013-də "Kuban" klublarını çalışdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər