"Milan"ın cinah hücumçusu Rafael Leau iş yerini dəyişməyə hazırlaşdığı ilə bağlı yayılan informasiyalara reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, onun dediklərini tanınmış insayder Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Gələcəyim "Milan"dadır. Hələ dörd illik müqaviləm davam edir. Çətin durumda olanda "Milan" mənə kömək edib, dəstəkləyib. Yaxşılığı unutmuram, sədaqətliyəm. Bura gələndə uşaq idim. Həm insan, həm də futbolçu kimi böyüdüm. Bütün düşüncələrim "Milan"la bağlıdır. Yenidən qələbələr qazanmaq istəyirəm.
Daha da böyümək üçün Çempionlar Liqası, Avropa Liqası kimi turnirlərin qalibi olmalısan. "Milan"da çıxış edirsənsə, bu, seçim yox, öhdəlikdir. Böyük titullara sahib çıxmalı, adını tarixə yazdırmalısan. Avropa Liqası? Orada güclü komandalar çoxdur. Hədəfimiz finala yüksəlmək və həlledici matçda qalib gəlməkdir".
Qeyd edək ki, cari mövsüm "qırmızı-qaralar"ın forması ilə bütün turnirlərdə 33 oyuna çıxan Rafael 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.