“Bizi çox çətin oyun gözlədiyini bilirdik. Doğrudan da çətin qələbə qazandıq". Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan çempionu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda rəqib meydanında “Şerif”i 2:1 hesablı məğlubiyyətə uğradaraq tarixində ilk dəfə qitənin ən nüfuzlu futbol turnirinin pley-off mərhələsinə yüksəlib.
Tiraspoldakı matçın ardından Qurbanov fikirlərini bölüşüb: “Stadiondakı ab-hava çox xoşuma gəldi. Rəqib ilk oyundakından fərqli oynadı. Öz meydanında Bakıdakından yaxşı futbol sərgilədi. Daha çox hücum qurdu, hər iki hissədə təzyiq yaratdı. Futbolçularımız əzmkar mübarizə apardı və layiqli qələbə qazandıq. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Əlbəttə ki, çox sevincliyəm. Pley-off-a yüksəlməyi hamılıqla arzulayırdıq. Növbəti mərhələdə də yaxşı oyun göstərməyə çalışacağıq. Bu gün bizi tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Rəqib azarkeşlərə də minnətdaram. Səliqəli, sakit oyun izlədilər. Sizin komandanıza da gələcək oyunlarda uğurlar arzulayıram. Avroliqada sizin komandaya da azarkeşlik edəcəm".
Fanat.Az