"Sabah" növbəti mərhələnin bir addımlığında - TNS bunu cəmi 1 dəfə bacarıb

"Sabah" növbəti mərhələnin bir addımlığında - TNS bunu cəmi 1 dəfə bacarıb

"Sabah" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə cavab matçında üz-üzə gələcək. İlk matçda Uels təmsilçisi üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanan "bayquşlar"ı səfərdə nələr gözləyir? Rəqib evində nə qədər təhlükəlidir?

Fanat.Az-ın araşdırmasına görə, 2000-2001 mövsümündən Çempionlar Liqasında oynayan rəqibimizin təcrübəsi çox olsa da, gücünü şişirtməyə, Uelsdəki görüşdən çəkinməyə dəyməz.

Əvvəlcə qeyd edək ki, TNS avrokuboklarda 97 oyun keçirib. Bunun cəmi 20-də qələbə qazanan "müqəddəslər" 16 heç-heçəyə razılaşıb, 61 matçda isə məğlub olublar. Başqa sözlə, "Sabah"ın rəqibi beynəlxalq turnirlərdəki oyunlarından təxminən beşdəbirində rəqiblərini üstələyə bilib. Ev oyunlarına gəlincə, 48 matçda rəqiblərini qəbul edən Uels təmsilçisi bunun 13-də qələbə qazanıb, 12-də heç-heçə edib və 23-də uduzub. Faiz nisbəti ilə müqayisə etsək, TNS avrokuboklardakı oyunlarından cəmi 21 faizini qalibiyyətlə başa vurubsa, evdə bu rəqəm 27-yə bərabərdir. Yəni fərq o qədər də böyük deyil və 5-6 faizlik fərqə əsasən, rəqibə "ev komandası" demək doğru olmaz.

"Müqəddəslər"in Avropada ev oyunlarında əldə etdiyi nəticələrin son 5 illik statistik məlumatlarını təqdim edirik:

2021/2022 mövsümündə Konfrans Liqasına vəsiqə qazanan uelslilər 1-ci təsnifat mərhələsində Şimali İrlandiya təmsilçisi "Qlentoran"la səfərdə baş tutan ilk oyunda 1:1-lik heç-heçə edib, evindəki cavab görüşündə isə 2 top fərqi ilə (2:0) qalib gəlib. 2-ci təsnifat mərhələsində "Jalqiris"lə qarşılaşaraq hər iki görüşdə 5 qol atıb (səfərdə 5:0, evdə 5:1) növbəti mərhələyə vəsiqə qazanıblar. Daha sonra "Viktoriya Plzen"lə qarşılaşan TNS evdə 4:2 hesabı ilə qalib gəlib. Ancaq səfərdə 1:3 hesabı ilə uduzub. Mərhələni penalti seriyasında üstün olan çexiyalılar adlayıblar.

2022/2023 illərində mübarizəyə ÇL-də başlayan TNS "Linfild"ə öz meydanında 1:0 hesabı ilə qalib gəlsə də, rəqib meydanda qapısından 2 cavabsız top buraxaraq məğlub olub. Belədə mübarizəni Konfrans Liqasında davam etdirib və burada "Vikinqur"la bacarmayıb: səfərdə 0:2 uduzduğu rəqibi ilə evdə də bacarmayıb - 1:1.

2023/2024 mövsümündə "Hakken"lə üzləşən TNS hər iki matçda (1:3, 0:2) isveçlilərə boyun əyib. 

2024/2025-ci illərdə Çempionar Liqasına 1-ci təsnifat mərhələsindən başlayan TNS öz meydanında "Deçiç"lə qarşılaşıb. Uels təmsilçisi bu matçda 3:0 hesabı ilə qalib gəlib. Səfərdə 1:1 hesablı bərabərliyə nail olan "müqəddəslər" 2-ci təsnifat mərhələsinə keçməyi bacarıb. Burada "Ferentsvaroş"un rəqibi olan Uels çempionu ilk oyunda səfər matçında 0:5 hesabı ilə darmadağın olublar. Doğma meydanda isə 1:2-lik məğlubiyyət nəticəsində ÇL-dən kənarlaşıb. AL-də də uğursuz olan TNS ("Petrokub"a səfərdə 0:1 uduzub, evdə 0:0 edib) KL-ə düşüb. Pley-offda Litva "Panevejis"ini iki oyunun nəticəsinə görə (səfərdə 3:0, evdə 0:0) mübarizədən kənarlaşdıran "Sabah"ın rəqibi KL-in qrupuna yüksəlməyi bacarıb. Liqa mərhələsində isə cəmi 1 qalibiyyət (evdə "Astana"nı 2:0 yenib) əldə edən Uels təmsilçisi digər 5 görüşün hamısını məğlubiyyətlə başa vurub.  

2025/2026 mövsümünə gəlincə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sına "ələnən" TNS (evdə 0:0, səfərdə 1:2) Konfrans Liqasında da uğursuz olub. Lüksemburq "Differdanj"ına evdə 0:1 uduzan "müqəddəslər" səfərdə 0:2 uduzublar. 

Ümumiyyətlə, TNS avrokubokda debüt etdiyi 1996–97 mövsümündən bu yana cəmi 1 dəfə səfərdə keçirdiyi ilk oyunda uduzduğu rəqibini cavab görüşündə mübarizədən kənarlaşdıra bilib. Bu, 2010–2011 mövsümünə təsadüf edib. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya "Bohemians"ına səfərdə 0:1 uduzan Uels təmsilçisi evdə amansız olub - 4:0. 

Beləliklə, ölkə təmsilçimiz 2 top öndə başlayacağı matçda qalibiyyətə daha yaxın olan tərəfdir.  

Qeyd edək ki, bugünkü görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər