"Son bir həftə olduqca yaxşı məşqlər keçdi. Sadəcə Pirlo məşqdə aldığı zədədən dolayı oyunda iştirak etməyəcək". Fanat.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.
Sabah yığmamızın qonağı olacaq komandanın çalışdırıcısı bu gün Bakıda mətbau konfransı keçirib. Konte bildirib ki, onlar üçün ağır oyun olacaq: "Bizim üçün çətin oyun olacaq. Xorvatiya və Norveçlə heç-heçə, Malta üzərində qələbədən belə qənaətə gəlmək olar ki, Azərbaycan yığması güclüdü. Yeni baş məşqçi ilə daha da güclənib. Amma bizim hədəfimiz qələbə qazanmaqdı. Ümid edirik ki, sabah final məsələsini yekunlaşdıracağıq".
"Biz Avropa çempionatında oynamaq istəyirik. Son iki oyun üçün əsas hədəfimiz də qitə birinciliyinə vəsiqəni təmin etməkdi. Rəqibimiz çətin komandadı. Azərbaycan yığması son oyunlarda ciddi nəticələrə imza atıb. Biz rəqibin oyununu qiymətləndiririk və ümid edirik ki, sabah qalib gəlib, Avropa çempionatına vəsiqəni təmin edəcəyik. İtaliya yığması indiki heyətlə həm 4-4-2, həm də 4-3-3 taktikası ilə çıxış edə bilər. Pirlo bizim üçün vacib oyunçudu. Amma biz əlimizdən gələni etməliyik ki, onun yoxluğu hiss olunmasın".
Fanat.az