Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilib. Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 3 boksçusu rinqə çıxıb.
Yana Alekseyevna və Elvin Məmişzadədən sonra Kamran Şahsuvarlı (75 kq) mübarizə aparıb. İlk 2 döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı boksçumuz 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn boksçumuz yarımfinala yüksəlməklə həm özü üçün minimum bürünc medalı təmin edib. Bu, Azərbaycan yığmasının Rio Olimpiadasında qazandığı üçüncü medaldı.
İdmançımız yarımfinalda Kuba təmsilçisi Arlen Lopezlə qarşılaşacaq. Bu döyüş avqustun 18-də, saat 22:00-da start götürəcək.
Qeyd edək ki, digər boksçularımızdan Lorenzo Sotomayor (64 kq) da mübarizəni davam etdirir. O, 1/4 final döyüşünə sabah çıxacaq.
Fanat.Az