Rio-de-Janeyrada keçirilən Yay Olimpiya oyunları davam edir. Fanat.Az xəbər verir ki, bu gün daha 3 idmançımız mübarizəyə qoşulacaq.
Kayak yarışlarında iştirak edən Olimpiya və dünya çempionu İnna Osipenko-Radomskaya final yarışına çıxacaq. 34 yaşlı idmançı Rioda ilk cəhdində 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafə yarışlarında iştirak edir. Yarımfinalda finişə birinci çatıb. O, 39,803 saniyəlik göstərici ilə finala vəsiqə əldə edib.
Qeyd edək ki, Ukrayna yığmasının heyətində "Pekin-2008"də qızıl, "London-2012"də 2 gümüş və "Afina-2004"də bürünc medal qazanan Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış isə avqustun 17-də start götürəcək.
Kanoe
Sprint (K1)
200 metr
Final
16.40. İnna Osipenko-Radomska
Yunan-Roma güləşində qızıl medal ümidimiz Rəsul Çunayev mübarizəyə 1/16 finaldan başlayacaq. Avropa və dünya çempionumuz, həmçinin "Bakı-2015"in qalibi olan "Şöhrət" ordenli idmançımız ilk mərhələdə kubalı Migel Palasio Martinezi mübarizədən kənarlaşdırmalıdı.
Güləş
1/16 final
17.00 Rəsul Çunayev (66 kq) - Migel Palasio Martinez (Kuba)
Bu gün həmçinin daha bir boksçumuz mübarizəni davam etdirəcək. Millimizin kubalı üzvü Lorenzo Sotomayor 1/4 finalda həmyerlisi Yasnier Toledo ilə döyüşəcək. İdmançımız qələbə qazansa, ən azı bürünc medalı təmin edəcək.
Boks
1/4 final
01.15 Lorenzo Sotomayor (64 kq) - Yasnier Toledo (Kuba)
Fanat.Az