Bu gün Çempionlar Liqasının final matçı baş tutacaq və bununla da Avropada futbol mövsümü rəsmən başa çatacaq. Fanat.az xəbər verir ki, qitənin birnömrəli klub turnirinin həlledici matçında İspaniyanın iki klubu - "Real" və "Atletiko" qarşı-qarşıya gələcək.
"Real"ın 12 illik həsrəti bitəcəkmi?
Çempionlar Liqasında 9 dəfə kuboku qazanmaqla bu göstəricidə birinci olan "Real" düz 12 il sonra finala çıxıb. "Kral Klubu" oynadığı 12 finaldan sadəcə 3-də meydanı məğlub tərk edib.
Turinirin Çempionlar Kuboku adlandığı ilk 5 mövsümdə çempionluğu heç kimə güzəşt etməyən "Real" 1996, 1998 və 2000-ci illərdə də qələbəni bayram edib. "Kral Klubu" son çempionluğunu 2001/02 mövsümündə "Bayer"i 2:1 hesabı ilə qalib gələrək qazanıb. "Real" bu gecə "Atletiko"nu yenərək 12 illik həsrətinə son qoymaq istəyir.
Madrid təmsilçisi Avropanın ikinömrəli kuboku olan UEFA Kubokunda (indi Avropa Liqası adlanır) da iki dəfə çempionluq sevinci yaşayıb. 1984/85 və 1985/86 mövsümlərində bu turnirdə qalib adını qazanan "Real" Kuboklar Kubokunda iki dəfə finala yüksəlsə də, kuboku qazana bilməyib. Avropa Super Kubokunu bir dəfə muzeyinə aparan "Kral Kulub" iki halda meydanı başıaşağı tərk edib.
"Atletiko" 40 il sonra finalda
"Atletiko" 40 ildən sonra finala çıxmağı bacarıb. İlk dəfə 1973/74 mövsümündə final oynayan Madrid klubu "Bavariya"ya 0:4 hesabı ilə yenilərək kuboku qazana bilməmişdi. Komanda bundan sonra ən yaxşı nəticələrinə 1978 və 1997-ci illərdə 1/4 finala çıxmaqla əldə edib. 18 il sonra La Liqada çempionluğunu elan edən "Atletiko" 40 il sonra çıxdığı Çempionlar Liqasının finalında qalib gələrək ilkə imza atmaq istəyir.
"Atletiko" Çempionlar Liqasından fərqli olaraq Avropa Liqasında iki dəfə kuboka sahib çıxa bilib. 2009/10 mövsümündə "Fulhem"i 2:1 hesabı ilə yenən Madrid klubu 2011/12-dəki finalda "Atletik"i darmadağın etmişdi - 3:0. "Atletiko" Avropada daha 3 kubok qazanıb. 1961/62 mövsümündə Kuboklar Kubokunda çempionluğunu elan edən komanda daha iki dəfə finalda uduzub. Madrid təmsilçisi növbəti iki uğurunu Avropa Super Kubokunda əldə edib - 2010, 2012.
"Real"ın Avropada oynadığı finallar
1955/56 Çempionlar Liqası: Real - Reyms 4:3
1956/57 Çempionlar Liqası: Real - Fiorentina 2:0
1957/58 Çempionlar Liqası: Real - Milan 3:2
1958/59 Çempionlar Liqası: Real - Reyms 2:0
1959/60 Çempionlar Liqası: Real - Ayntraxt Frankfurt 7:3
1961/62 Çempionlar Liqası: Real - Benfika Madrid 3:5
1963/64 Çempionlar Liqası: Real - İnter 1:3
1965/66 Çempionlar Liqası: Real - Partizan 2:1
1970/71 Kuboklar Kuboku: Real - Çelsi 1:2
1980/81 Çempionlar Liqası: Real - Liverpul 0:1
1982/83 Kuboklar Kuboku: Real - Aberdeen 1:2
1984/85 UEFA Kuboku: Real - Videoton 3:1
1985/86 UEFA Kuboku: Real - Köln 5:3
1997/98 Çempionlar Liqası: Real - Yuventus 1:0
1998 UEFA Super Kuboku: Real - Çelsi 0:1
1999/00 Çempionlar Liqası: Real - Valensiya 3:0
2000 UEFA Super Kuboku: Real - Qalatasaray 1:2
2001/02 Çempionlar Liqası: Real - Bayer 2:1
2002 UEFA Super Kuboku: Real - Feyenoord 3:1
"Atletiko"nun Avropada oynadığı finallar
1961/62 Kuboklar Kuboku: Atletiko - Fiorentina 4:1
1962/63 Kuboklar Kuboku: Atletiko - Tottenhem 1:5
1973/74 Çempionlar Liqası: Atletico - Bavariya 0:4
1985/86 Kuboklar Kuboku: Atletiko - Dinamo Kiyev 0:3
2009/10 Avropa Liqası: Atletiko - Fulhem 2:1
2010 UEFA Super Kuboku: Atletiko - İnter 2:0
2011/12 Avropa Liqası: Atletiko - Atletik 3:0
2012 UEFA Super Kuboku: Atletiko - Çelsi 4:1
Fanat.az