“Neftçi”nin Çempionlar Liqasında rəqibi olan Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay müsahibə verib.
- Son günlərdə mətbuatda stadionunuzda aparılan yenidənqurma işləri ilə bağlı müxtəlif informasiyalar yayılır. Bunlar nə dərəcədə doğrudu?
- Hamı bilir ki, mən Çempionlar Liqasında “Neftçi” ilə cavab oyunumuzu “Skenderbeu” stadionunda keçirmək üçün hər şey edirəm. Bu gün rəsmən deyirəm ki, matç bizim stadionda keçiriləcək və skamyalar dəyişməklə hazır olacaq. Bu, UEFA-nın tələblərinə uyğun standartlara cavab verəcək. Öz stadionumuzda oynamaq üçün istənilən vəsaiti sərf etməyi lazım bilirəm. Hazırda bütün diqqətimizi iyulun 17-də Bakıda keçiriləcək ilk oyuna yönəltmişik. Bilin ki, gələn çərşənbə ev matçımız olmayacaq.
- Növbəti mərhələyə keçmək şansınız nə qədərdi?
- Fikrimcə, çox güman 50-nin 50-yə. Bu, o deməkdi ki, rəqib bizi az da olsa üstələyir. Bakıya gözəl futbol oynamağa gedəcəyik. Ehtiyatlı olacağam. Rəqibə yuxarıdan aşağı baxmaq yetərincə təhlükəlidi. Heç kim məğlubedilməz deyil. Fikrimcə, bəxtimiz gətirsə, Bakıda müsbət nəticə əldə edə bilərik.
- “Skenderbeu” üçün ilk oyunda məqsəd nədən ibarətdi?
- Şübhəsiz, nəticə bizim üçün ağır olsa, 1:5 hesabı ilə uduzsaq, evdə məqsədə çatmağa ümid etmək mənasız olacaq (gülür). Zarafatı kənara qoysaq, öz meydanımızda sona kimi mübarizə aparacağıq. Rəqiblər üçün Korçada yaxşı oynamaq çətin olacaq. “Debretsen” bunun əziyyətini çəkib. Ancaq hər şeydən öncə bizə bir qədər bəxt lazımdı.
- Bu o deməkdi ki, ilk oyunda müdafiə olunaraq nəticəyə ümid edirsiniz?
- Yox. Biz orda öz oyunumuzu oynayacağıq. Mənim “Neftçi”dən heç bir qorxum yoxdu.
- Çoxlu futbolçunun gəlişi ilə komandanın səviyyəsi qalxıbmı?
- Əlbəttə. Komandamız ötən ilkindən daha yaxşıdı. Yeni futbolçular gücümüzü artırıb. Azarkeşlər Leonit Abaziti yaxşı tanıyır. O, Albaniyada öz yaşında transfer bazarında ən yaxşı oyunçu sayılır. Azərbaycana səfərimiz öncəsi komandaya digər futbolçu da qoşulacaq.
- O, yaşlıdı, yoxsa gənc?
- 2-3 günə hər şey rəsmiləşəcək. İndi onun haqda heç nə demək istəmirəm. Ancaq deyim ki, bu, yetərincə səviyyəli oyunçudu.
- Osmaninin keçidi ilə bağlı danışıqlar hələ açıqdı?
- Hər şey futbolçunun öz əlindədi. Oyunçu artıq Moldovadadı. Komandası “Teuta” indi yalnız Avropa oyunları haqda düşünür. Biz futbolçunun gələcək taleyini müəyyənləşdirəcəyik. Çox güman Osman gələn mövsüm “Teuta”da olacaq.
- Demək olar ki, transfer bazarında fəaliyyətiniz artıq bağlanıb?
- Yox. Bu, avqustun 31-də rəsmən bağlanacaq. Heç vaxt deyə bilməzsən ki, transfer dövrün yaxında bağlanacaq. Biz komandamızda oynamaq istəyən futbolçuların heç birinə qapımızı bağlamamışıq.
İdman24.az