"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşib. Fanat.az sportnet.az saytına istinadən xəbər verir ki, bu postu Dorinel Muntyanu tutacaq.
Bu gün komandanın Sloveniyadakı təlim-məşq toplanışına qatılan rumıniyalı mütəxəssislə 2 illik anlaşma əldə olunub. Rəsmi müqavilənin gün ərzində imzalanması nəzərdə tutulub. 46 yaşlı mütəxəssis qısa müddətdə komandanı formalaşdırmalı və iyulun 3-də start götürəcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa hazırlaşdırmalıdı.
Muntyanu Yuri Syominin gedişindən sonra boş qalan baş məşqçi postuna öncədən də namizədlər arasında olub. Lakin həmin namizədlərdən əvvəlcə İvaylo Petevlə ilkin razılıq əldə edilib. Lakin Petev bir neçə gün öncə gözlənilmədən Kipr AEL-i ilə müqaviləsini uzadıb. Bundan sonra klub təcili olaraq, digər namizədlərlə danışıqları bərpa edib. Nəticədə Muntyanu ilə razılığa gəlinib.
Qeyd edək ki, futbolçu karyerası ərzində Rumıniya, Belçika və Almaniya klublarında oynamış Dorinel Munteanu 2009-cu ildə yaşıl meydanlarla vidalaşıb. Bu müddətdə o, iki dəfə Rumıniya çempionluğunu və bir dəfə Balkan Kubokunu qazanıb, 134 dəfə milli komandanın formasını geyinib və 16 qol vurub.
Muntyanu məşqçiliyə futbolçu karyerasını bitirmədən - 2005-ci ildən başlayıb. O, 2005-2009-cu illərdə ÇFR, "Argeş", "Vasluy", "Universitatea" (Kluj) və "Styaua"da oynayan-məşqçi olub. 45 yaşlı mütəxəssisin məşqçi kimi ən uğurlu dönəmi "Otselul"da olub. Belə ki, 2009-2012-ci illərdə Qalati klubuna başçılıq edən Muntyanu komandanı Rumıniya çempionu və Superkubokunun qalibi edib. Beləliklə, "Otselul"un tarixində ilk və hələlik sonuncu dəfə çempionluğu, həmçinin Superkuboku qazanıb.
Muntyanu 2012-ci ildə Buxarest "Dinamo"sunu, 2012-2013-də Rusiyanın "Mordoviya", 2013-də "Kuban" klublarını çalışdırıb.
Fanat.az