Topaz Premyer Liqasının XXXIV turu “Qəbələ” üçün tarixi əhəmiyyət kəsb edib. Fanat.az xəbər verir ki, "Bakı" üzərində 3:1 hesablı qələbə qazanan Yuri Syominin yetirmələri Azərbaycan çempionatları tarixində özünün ən yüksək nəticəsini təmin etmiş olub.
Mövsümün sonuna 2 tur qalmış 3-cü pillədə qərarlaşan, gümüş medal şansını da qoruyan “qırmızı-qaralar” ilk “dördlük”də yerini təmin edib. Bu isə klub tarixinin ən yaxşı nəticəsi olan 2011/12 mövsümündəki 5-ci yerdən yaxşıdı.
Azərbaycan Kubokunun finalında “dördlük”də yer almağa digər namizədlə “Neftçi” ilə görüşməsi “Qəbələ”nin indidən avrokuboklara da vəsiqə qazanması üçün zəmin yaradıb. 2005-ci ildə əsası qoyulan komanda 9 illik tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb. Bu, son iki tur və kubokun finalının nəticəsindən asılı olmayaraq rəsmiləşib.
XXXI turda “Rəvan”ı 2:1, XXXII turda “Simurq”u 1:0, ötən tur “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən Yuri Syominin yetirmələri ardıcıl 4-cü qələbəsini qazandı. Bu isə klubun Premyer Liqa tarixində ən uzun qələbə seriyasının təkrarıdı. Komanda ötən mövsümün XXI-XXIV turlarında da ardıcıl 4 matçda 3 xal əldə etmişdi. Növbəti turda əldə olunacaq qələbə ilə “Qəbələ” mütləq rekord rəmsiləşdirəcək.
Bu görüş digər rekordlarla da əlamətdar olub. Bir mövsümdə vurulan qolların sayında (45) 2011/12 mövsümündəki rekord (43) yenilənib. Komanda qələbə (17) və xal sayında (57) ötən tur müəyyənləşdirdiyi rekordu daha da yaxşılaşdırıb. Ev qələbələrinin sayında 2009/10 və 2011/12 mövsümlərinin rekordu təkrarlanıb - 9 qələbə. Ev oyunlarında vurulan qolların sayında 2011/12 mövsümüün rekordu təkrarlanıb. Cari çempionatda 12-ci qolunu vuran Subotiç Premyer Liqada bir mövsümdə ən çox qol vurmaq rekordunu yaxşılaşdırıb.
Marat İzmaylov və Müşfiq Teymurov “Qəbələ”nin heyətində qol hesablarını açıb. Marat 16-cı, Müşfiq isə 15-ci görüşündə buna nail olub. Bununla da klub tarixində qol vuranların ümumi sayı 86-ya, Premyer Liqada fərqlənənlərin sayı 64-ə çatıb. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada “Qəbələ” üçün qol vuran ən gənc futbolçu olub. Ölkə çempionatları tarixində isə o, komandanın 5-ci ən gənc qolçusudu. Amil Yunanov (19 yaş 4 ay 5 gün), Vasif Əliyev (20 yaş 20 gün), Vüsal Qarayav (20 yaş 1 ay 3 gün), Samir Zərgərov (20 yaş, 5 ay 25 gün), Asif Məmmədov (20 yaş 7 ay 27 gün) daha gənc qol vurmuşdular.
gabalafc.az