"Qəbələ"nin danışıqlar apardığı daha bir mütəxəssisin adı dəqiqləşib. Fanat.az xəbər verir ki, bölgə klubunun İvaylo Petevlə razılığa gəldiyi deyilir.
Bu barədə futbolinfo.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Qəbələ"nin yeni baş məşqçisi bu gün ölkəmizə gəlir. Cənubi Kiprin AEL klubunun çalışdıran bolqar mütəxəssislə ötən həftə müqavilə imzalanmalı imiş. Lakin Petevin komandasının Cənubi Kipr çempionatında bir oyunu qaldığından anlaşmanın rəsmiləşməsi yubandı. Belə ki, APOEL və AEL komandaları arasındakı çempionluq görüşü mayın 17-də baş tutmalı idi. Oyun zamanı aranın qarışması matçın təxirə düşməsinə səbəb olub və görüş mayın 31-də keçirilib. AEL son oyunda rəqibinə minimal hesabla məğlub olaraq, çempionluğu əldən verib.
Cənubi Kipr komandası ilə yolları ayıran Petev bu gün Bakıya gələcək və tərəflər arasında müqavilə imzalanacaq. Məhz bu səbəbdən də "Qəbələ" rəsmiləri baş məşqçi məsələsinə bu gün aydınlıq gələcəyini bildirir.
Bolqar mütəxəssis gənc olmasına baxmayaraq, çalışdığı klublarda uğur qazanmağı bacarıb. O, başçılıq etdiyi "Ludoqorets"i 2010/11 mövsümündə aşağı dəstədə çempion etməklə elitaya yüksəldib. Daha sonra 2 dəfə Bolqarıstan çempionu olub (2011/12; 2012/13), ölkə kubokunu (2012) və Superkubokunu (2012) qazanıb. 2013-cü ildə qısa müddət "Levski"ni çalışdıran Petev daha sonra Cənubi Kiprə üz tutub. AEL onun rəhbərliyi altında ölkə çempionatının gümüş medallarını qazanıb.
"Qəbələ" rəhbərliyi İvalyo Petevin danışıqlar apardıqları məşqçilər siyahısında olduğunu təsdiqləyib. Klubun meneceri Səbuhi Səfiyarlı futbol11.az saytına açıqlamasında onun namizədlər siyahısında olduğunu bildirib, lakin bu gün Bakıya gələcəyi ilə bağlı iddiaları təkzib edib.
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov isə sportal.az saytına açıqlamasında xəbərə münasibət bildirib: "Doğrudu, həmin baş məşqçinin adı siyahımızda var. Amma hələki heç nə dəqiqləşməyib. Yəqin ki, baş məşqçi məsələsi sabah öz həllini tapacaq və çalışdırıcının kimliyi dəqiqləşəndən sonra ictimaiyyətə məlumat veriləcək".
Fanat.az