"Qəbələ" baş məşqçi Yuri Syominlə yolları ayırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qərar Azərbaycan Kubokunun final matçının ardından rusiyalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüşdə qəbul olunub. Görüş zamanı "Qəbələ" ilə Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı "Qəbələ"də qalıb - qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib.
Rusiyalı mütəxəssis qərarını belə açıqlayıb: "Doğurdan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram".
"Qəbələ" İdman Klubu Yuri Syominə 2013/14 mövsümündə komandadakı uğurlu fəliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında uğurlar arzulayıb.
Qeyd edək ki, "Qəbələ" 9 illik tarixində Avropa miqyaslı yarışlara məhz Syominin rəhbərliyi altında vəsiqə qazanıb. Komanda ilk dəfə Premyer Liqada medal qazanıb və kubokun finalına çıxıb.
Fanat.az