"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası "Artek" Uşaq İstirahət Mərkəzində keçirilən Ukrayna Prezidenti Kubokunu dördüncü yerdə tamamlayıb. Fanat.az xəbər verir ki, qrup mərhələsini uğurla ilk pillədə adlayan "qırmızı-qaralar" yarımfinalda yerli "Karpatı" ilə üz-üzə gəlib.
Bərabər mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabı ilə tamamlanıb. Qalibi müəyyənləşdirmək üçün komandalar penalti duelində qarşılaşıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ukraynalılar 5:4 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıblar. Növbəti oyunda "Qəbələ" 3-cü yer uğrunda matçda "Şaxtyor"la üz-üzə gəlib. Oyun Donetsk təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 7:1.
Beləliklə, "Qəbələ" ilk dəfə iştirak etdiyi Ukrayna Prezidenti Kubokunu 4-cü yerdə tamamlayıb. Çempion isə “Qəbələ”nin finala adlamağına imkan verməyən “Karpatı” olub. Lvov təmsilçisi “Çernomorets”i 2:0 məğlub edib.